Ali Məhkəmə böyrək çatışmamazlığından əziyyət çəkən xəstənin işindən yalnız 1 il azaltdı

Böyrək çatışmamazlığından əziyyət çəkən siyasi məhbus Elxan İsmayılovun şikayəti üzrə Ali Məhkəmə iclas keçirib. Sentyabrın 27-də Məhkəmə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Elxan İsmayılov barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasından verilən şikayətinə baxıb. 

 Hakim qaldırılan vəsadətləri araşdıraraq onları qismən təmin edib və Elxan İsmayılovun cəzasını 1 il azaldaraq onu 4 ildən 3 ilə endirib. Bununla da ağır böyrək çatışmamazlığından əziyyət çəkən inanclı hələ uzun müddət Penitensiar Xidmətin Müalicə Mərkəzindən Respublika Dializ Mərkəzinə getməyə məcbur qalacaq.

Elxan İsmayılova kəskin böyrək çatışmamazlığı diaqnozu iyun ayından qoyulub. May ayının 31-də vəziyyətinin ağırlaşması səbəbindən Şüvəlan müvəqqəti saxlama təcridxanasından Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən inanclıya burada böyrək çatışmamazlığı diaqnozu müəyyən edilib.

İyun ayından isə o, həftədə 3 dəfə olmaqla dializ mərkəzinə göndərilir. Bu onun yaşaması üçün həbsxana şəraitində mümkün olan yeganə vasitədir.
İsmayılov Elxan inanclıların kütləvi həbsinin gerçəkləşdiyi zamanda, 2023-cü il 4 apreldə saxlanılıb. Narkotik ittihamı ilə şərlənən Elxan 2024-cü ilin mart ayının 6-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 4 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs olunan zaman səhhətində heç bir ciddi problemi olmayan inanclının narahatlıqları saxlanıldığı Şüvəlan təcridxanasında yaranıb. Aprelin ortalarında ciddi soyuqdəymə səbəbindən təcridxanada pnevmoniya-ağciyər iltihabı yaşayan Elxana burada lazımı tibbi yardım göstərilməmə səbəbindən xəstəlik getdikcə şiddətli hala gəlib. Ürəkbulanmalar ardınca qızdırmanın artması onun sürətli çəki itirməsinə səbəb olub. Nəticədə, mayın 31-i ölümcül vəziyyətdə o, Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Burada müayinələrdən sonra onun hər iki böyrəyinin fəaliyyətsizliyi müəyyən edilib.

Bundan sonra həftədə 3 dəfə Dializ Mərkəzinə aparılan Elxan İsmayılov hər dəfə 4 saatlıq seansı keçməyə məcburdur. Əks halda bu onun ölümü ilə nəticələnə bilən ağırlaşmaya gətirib çıxara bilər. Lakin əgər o, həbsdən azad olunarsa böyrək transplantasiyası nəticəsində bu işgəcələrə son verilə bilər. Bütün bunlar isə artıq Ədliyyədə əlaqədar orqanların E. İsmayılovun səhhətindəki problemin ciddiliyinə yanaşmasından asılıdır.