Taxıl dəhlizi sazişi bu gecə başa çatır, Moskva hələ planını açıqlamayıb

Taxıl dəhlizi sazişi ilə bağlı Moskvanı razı salmaq üçün səylər davam edərkən, Ukrayna ölkənin şərqində şiddətli toqquşmaların davam etdiyini bildirib.

Rusiyanın Ukraynaya təcavüzünün qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Ankaranın vasitəçiliyi ilə BMT-nin himayəsi altında imzalanan Taxıl Dəhlizi Sazişinin müddəti Moskvanın uzadılmasına razılıq vermədiyi təqdirdə bu gecə başa çatacaq.

2022-ci ilin iyulunda İstanbulda imzalanan və əvvəllər bir neçə dəfə uzadılan müqavilənin texniki müddəti bu gecə (17 iyul) başa çatacaq. Rusiya rəsmiləri müqavilənin uzadılması üçün heç bir səbəb görmədiklərini bildiriblər. Razılaşma çərçivəsində sonuncu gəmi bazar günü Ukraynanın Odessa limanını tərk edib. Ukrayna və Rusiya dünyanın ən böyük taxıl ixracatçıları sırasındadır.

Müqavilə çərçivəsində Ukrayna tərəfindən xaricə təxminən 33 milyon ton qarğıdalı, buğda və digər taxıl ixrac edilib. Rusiya Qara Dəniz Taxıl Dəhlizi Sazişinin ölkəsi ilə bağlı hissəsinin yerinə yetirilmədiyini bildirir. Buna görə də Moskva sazişdən çıxmaqla hədələyir. Bundan başqa, Rusiya kasıb ölkələrin kifayət qədər taxıl almamasından şikayətlənir.

Birləşmiş Millətlər Təşkilatı isə bu sazişin bütün dünyada ərzaq qiymətlərinin 20 faizdən çox ucuzlaşmasına töhfə verməklə bu ölkələrə fayda verdiyini iddia edir. Bu arada, Moskvanı taxıl müqaviləsi ilə bağlı inandırmaq davam edərkən, Ukrayna ölkənin şərqində şiddətli toqquşmaların davam etdiyini bildirib. Kiyev "əks-hücum" kimi xarakterizə etdiyi hücumlarda cəbhədə şiddətli müqavimətlə üzləşdiyini etiraf edib.

Cümə günü Ukrayna, müharibə başlayandan qısa müddət sonra Rusiya tərəfindən işğal edilmiş Melitopol şəhəri ətrafında keçən həftə iki kilometr irəlilədiyini açıqladı. Analitiklər qiymətləndirirlər ki, Ukraynanın məqsədi Azov dənizinə doğru irəliləmək, Rusiya xətlərini kəsmək və işğal olunmuş Krımı təcrid etməkdir.

Bununla belə, Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar Telegram-da verdiyi açıqlamada, "Şərqdə vəziyyət daha da gərginləşib. Düşmən iki gündür ardıcıl olaraq Xarkov vilayətində Kupyanska fəal şəkildə hücum edir. Biz müdafiədəyik. " ifadələrdən istifadə etmişdir.

Digər tərəfdən, Rusiya səlahiyyətliləri, səhər saatlarında verdikləri açıqlamada, Ukraynadakı rus əsgərləri üçün mühüm təchizat xətti olan Krım körpüsündə "fövqəladə vəziyyət" olduğunu və körpünün zədələndiyini bildirib. Rəsmilər hadisə nəticəsində iki nəfərin öldüyünü, bir uşağın isə yaralandığını bildirib. Eyni şəkildə Rusiya səlahiyyətliləri körpünün nəqliyyat üçün bağlandığı barədə məlumat paylaşıb. Ukrayna mediası körpüdə partlayışlar olduğunu yazıb. Rusiya Nəqliyyat Nazirliyi körpüdə yola ziyan dəydiyini, lakin sütunlara heç bir ziyanın olmadığını açıqlayıb. Nazirlik zərərin nədən ibarət olduğunu açıqlamayıb.