Azərbaycan Prezidentinin Şarl Mişel və Paşinyanla görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

Operativtv.com bu barədə APA-nın Brüsselə ezam olunmuş əməkdaşına istinadən xəbər verir.

Görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Eyni zamanda, humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi müzakirə edilib.

Həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması, Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi müzakirə mövzusu olub.

Görüş 3 saata yaxın davam edib.

Görüşün nəticələri ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata bəyanatı olacaq.