Bakının mərkəzində 130 yaşlı bina sökülür

Bakının Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 150 ünvanındakı 3 mərtəbəli binanın sökülməsinə hazırlıq işləri gedir.
 
Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.
 
Onun sözlərinə görə, hazırda üçmərtəbəli binadakı ailələrin köçürülməsi yekunlaşmaq üzrədir: "Bina üçmərtəbəlidir, 1889-cu ildə inşa olunub. Burada 43 ailə yaşayırdı. 1998-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti binadakı sakinlərin köçürülməsi barədə qərar qəbul edib. Həmin vaxt binada olan ailələrdən 23-ü köçürülüb. Bu ailələrin köçürüldüyü mənzillərdə sonradan məcburi köçkünlər məskunlaşıb. Artıq həmin ailələr də binadan köçürülüblər. Hazırda sözügedən ünvanda 4 ailə qalıb ki, onlardan da 3-ü məcburi köçkündür. Yaxın günlərdə həmin ailələr də köçürüləcək və binanın sökülməsinə başlanacaq".
 
İ. Kərimov bildirib ki, bina qəzalı vəziyyətdə olduğu üçün sökülür. Binadakı ailələr Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürülür.