Nazirlər Kabineti "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, indiyədək mövcud olan qaydalara görə, bu qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanın vətəndaşlarına şamil edilirdi.
Yeni dəyişikliklərə görə isə bu qayda Azərbaycanın elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanın vətəndaşlarına və Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənir. Azərbaycanın beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunur və bu Qaydaya (1.9-cu, 2.4-2.5-ci, 2.7-2.15-ci bəndlər istisna olmaqla) uyğun olaraq ödənilir.
Qaydanın indiyədək olan variantına əsasən, ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılır.
Yeni dəyişikliklərə əsasən isə ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılacaq.
Bu qərar 2019-cu il 1 iyul tarixindən tətbiq edilir.
Tələbələrə təqaüdlərin ödənilməsi qaydası dəyişdirildi
Oxşar xəbərlər