Məleykə Abbaszadə: "Yüksək bal toplayanların sayı azalıb"

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib. 
 
Bu barədə "Report.az" məlumat verib.
 
Məlumatda deyilir ki, iclasda bu ilin birinci yarım ilinin yekunları, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahanların nəticələri, dövlət qulluğuna qəbul və digər cari məsələlər müzakirə edilib.
 
Bu ilin birinci yarım ilinin yekunları ilə bağlı sədr Məleykə Abbaszadə qeyd edib ki, bu dövr ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi təhsilin ümumi və tam orta təhsil səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssiələrinə qəbul, rezidenturaya qəbul, orta hərbi təhsil müəssiələrin qəbul, dövlət qulluğuna və dövlət orqanlarına işə qəbul, eləcə də digər imtahanlarda 500 mindən artıq şəxs iştirak edib: "Bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən fasiləsiz olaraq kompleks tədbirlər həyata keçirilib".
 
Sədr vurğulayıb ki, bakalavriat səviyyəsi üzrə bu il keçirilən yaz və yay qəbul imtahanlarının ümumi nəticələri arasında ötən il olduğu kimi elə də ciddi fərq yoxdur: "Abituriyentlərin nəticələri arasında orta fərq təxminən 20 bala bərabərdir. Bu da nəticələrin etibarlılığının yüksək göstəricisi kimi qiymətləndirilməlidir. Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına baxsaq I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə azalma sayını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər. Lakin daha yuxarı bal toplayan abituriyentlərin sayının az olması onların ali təhsil müəssisələrinə yerləşdirilməsinə hər hansı mənfi təsir göstərməyəcək".
 
Daha sonra abituriyentlərin ixtisas seçiminə toxunan sədr bildirib ki, I və IV ixtisas qrupu üzrə 150 və daha yuxarı bal toplayaraq müsabiqəyə buraxılanların sayı 46814 nəfərdir: "Hələlik təsdiq olunan ərizələrin sayı isə 32 202-dir. V ixtisas qrupu üzrə 4623, subbakalavrlar üzrə isə 6925 ərizə təsdiq olunub (qeyd olunan statistik məlumatlar 31 iyul saat 14.00-a tarixinə aiddir). Bu prosesdə abituriyentlərə ödənişsiz əsaslarla köməklik göstərilən Abituriyent Məsləhət Mərkəzlərinin fəaliyyəti də qənaətbəxş hesab olunub".
 
İclasda digər aktual məsələlər də müzakirə olunub.