Hüquq müdafiəçiləri hakimiyyəti repressiyalara son qoymağa çağırıblar

Son bir neçə il ərzində Azərbaycanda minlərlə şəxs hüquqi əsas olmadan həbs edilib, xüsusi qəddarlıqla işgəncələrə məruz qalıb, ən azından 30-dan çox şəxs isə döyülərək odlu silahla qətlə yetirilib. Bu barədə Repressiya və İşgəncələr Əleyhinə Komitənin iyulun 29-da dərc edilmiş bəyanatında deyilir.

Daha sonra bəyanatda may ayında Şəki Rayon Polis İdarəsində vəfat etmiş Qalib Məmmədovun və keçən ilin iyul ayında Gəncə hadisələrinə görə həbs olunmuş və bu il iyulun 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində dünyasını dəyişmiş Aydın Qurbanovun adları çəkilir və qeyd olunur ki, hər iki hadisə ilə bağlı ədalətli araşdırma aparılmır.

Hesabatın müəllifləri iyul ayında Hollandiyadan deportasiya edilən və Azərbaycanda 30 sutka müddətinə inzibati qaydada həbs edilmiş Natiq İsbatovun, həmçinin hal-hazırda məhkəməsi davam edən, keçən ilin oktyabr ayında Litvadan ölkəyə qayıdan və CM-nin 234.4.3-cü maddəsilə həbs olunan Azad Həsənovun, həmçinin iyun ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən CM-in 274-cü (dövlətə xəyanət) maddəsilə həbs olunmuş xeberman.com saytının redaktoru Polad Aslanovun işlərinə diqqət çəkib bildirirlər ki, Baş Prokurorluq "bu qanunsuzluqları araşdırmaq əvəzinə həmin faktları dilə gətirən hüquq müdafiəçilərinə, ictimai fəallara və jurnalistlərə təzyiq edir".

Sonda Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətdən vətəndaşlara qarşı həyata keçirilən repressiya, qanunsuz həbslər və işgəncə hallarını durdurmağı, səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edir.