“Neft daşları” məscidi

Söküntüsü zamanı qeyri-adi hadisələr yaşanan “Neft daşları” məscidi.

Müstəqillik illərində taleyinə dağıdılmaq yazılan növbəti Allah evi. Neft daşlarında sonradan taleyinə “qanunsuz tikili” möhürü vurulacaq məscidin inşa tarixi 2008-ci ilin sonlarına təsadüf edib. Bir neçə ay ömür sürən məscid qısa zaman kəsiyində tikilib. Namaz otağı, yardımçı tikili ilə yanaşı, Neft daşlarını bəzəyən bu inci hündür minarəyə də malik olub. İnanclıların dəniz üzərində qurulan bu şəhərdə ibadət, Allaha yaxınlaşma fürsəti olan məscid yalnız bir neçə ay fəaliyyət göstərə bilib. 2009-cu ilin martında məscidin fəaliyyəti dövlət orqanları tərəfindən qadağalarla üzləşib. Məscidə “qanunsuz tikili” möhürü vurulur və qısa araşdırılmadan sonra sökülməsi tələb olunur. Neft daşlarında olan inanclıların Azərbaycan Dövlət Neft Şirkəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlərinə baxmayaraq onları narahat edən qorxu hər ötən gün daha çox reallaşmağa başlayır. 
2009-cu ilin aprelində Dini Qurumlar məscidin tikintisini qanunsuz tikili olaraq qiymətləndirir və sökülməsi göstərişini verir. May ayının 10-da məscid inanclıların üzünə rəsmən qapadılır. Bundan sonra Allah evinin daxili boşaldılır. İstilik, işıq sistemi məsciddən açılır. 11 May 2009-cu il, çərşənbə axşamı isə “Neft daşları” məscidində söküntü başlayır. Məscidin əsas tikilisi, ibadət otağının bütün daşları texnika vasitəsi ilə dənizə tölükərək Allah evi dağıdılır. Lakin minarənin söküntüsü yarımçıq qalır. Bir neçə texnikanın iş zamanı sınması fəhlələrdə də narahatlıq və qorxu yaradır. Buna görə də minarənin söküntüsü dayandırılır. 
Ertəsi gün bu işdən tam xəbərsiz olan başqa bir tikinti idarəsi minarənin söküntüsünü həyata keçirir. Beləcə, 2009-cu ildə bir neçə ay ömür sürən “Neft daşları” məscidi tamamilə dağıdılır. Dağıdılan bu məscid də eyni aqibət yaşayan, dağıdılmış məscidlər sırasında “qanunsuz tikili” statusu ilə hakimiyyət orqanlarının vicdanlarına əbədi ləkə olaraq həkk olunacaq.