«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə keçirildiyi açıqlanan aksiyanın dayandırıldığı bildirilir.
Bir neçə fəal əvvəlcə öz evlərində aclığa başladıqlarını açıqlasalar da, onlar yanvarın 6-dan Müsavat Partiyasının qərargahında ayrılmış otağa yerləşərək aksiyanı növbəli qaydada davam etdirdiklərini deyirdilər.
Aclıq aksiyasının yanvarın 21-i axşam, saat 19-da dayandırıldığı qeyd olunur. Bu barədə Azadlıq Radiosuna hazırda həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli bildirib. O da aclıq aksiyasına qoşulduğunu açıqlayan şəxslərdən idi.
Z.Əhmədli deyib ki, aksiyanın dayandırılmasından ötrü AXCP, Müsavat rəhbərləri və çoxsaylı vətəndaşlardan müraciətlər alıblar.
«Bundan əlavə, Mehman Hüseynov barəsində yeni cinayət işinə də xitam veriləcəyi gözlənirdi. Yəni, məqsədlərdən birinə qismən də nail olundu», - deyə Z.Əhmədli bildirib.
Z.Əhmədli deyib ki, cəzaçəkmə müəssisələrində aclıq aksiyası keçirən fəalların da aksiyanı dayandırmalarından ötrü müraciət edəcəklər.
Son günlər cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan fəallardan bəzilərinin də M.Hüseynovun müdafiəsi ilə bağlı aclığa başladıqları açıqlanıb. Hərçənd, Penitensiar Xidmətin rəsmiləri bunu təsdiqləməyiblər. Üstəlik, rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Blogerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.
Yanvarın 22-də isə Baş Prokurorluq bloger barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.
Müsavatın qərargahındakı aclıq aksiyası dayandırıldı
Oxşar xəbərlər