Əl-Əqsada təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, müsəlmanlar Ramazanı səbirsizliklə gözləyir

Gələn həftə başlayacaq müsəlmanların müqəddəs Ramazan ayı oruc tutmaq və dualar etmək ayıdır. Bu il Qəzzada müharibənin kölgəsində keçiriləcək bu müqəddəs ayda əsasən İslamın üçüncü müqəddəs məbədi olan Şərqi Qüdsdəki Əl-Əqsa məscidində də olmaqla, emosiyalar hər tərəfdə yüksək səviyyədədir.

Adətən Ramazan ayında Fələstin müsəlmanları bütün günü ac qaldıqdan sonra axşamlar oruclarını birlikdə açır. Ancaq Qəzzada İsrail-HƏMAS müharibəsi fonunda başlayacaq bayram hissi azdır.

HƏMAS-a bağlı Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada 30 mindən çox fələstinli İsrail əsgərləri tərəfindən öldürülüb. Qüds və Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn: "Hazırda Qəzzada müharibə davam edərkən baş verənlərlə bağlı burada və bütün dünyada iğtişaşlar var. Siz bütün dünyada atəşkəs tələbi ilə nümayişlərin necə keçirildiyini gördünüz. Amerikada bir gəncin Qəzza zolağında baş verənlərə etiraz edərək özünü necə yandırdığını gördük. Biz xüsusilə Ramazan ayı öncəsi atəşkəsə nail olunacağına ümid edirik".

Qüdsdəki Əl-Əqsa məscidi İslamda Məkkə və Mədinədən sonra üçüncü ən müqəddəs məkan hesab olunur. Yüz minlərlə fələstinli Ramazan ayında məsciddə namaz qılır. Şeyx Hüseyn deyir ki, Ramazan ayında Əqsada namaz qılmaq bütün müsəlmanlar üçün vacibdir. Şeyx Məhəmməd Hüseyn: "Məscidül-Əqsa İslam inancı ilə bağlıdır. İnsanlar Məscid-i Əqsada namazı ona görə qılır ki, oradakı dualar digər namazlardan daha qiymətlidir. Sən Allahın nəzərində son dərəcə mömin kimi görünürsən və başqa yerlərdən daha çox mükafatlandırılırsan."

Əl-Əqsa kompleksi həm də orada vaxtilə ilk iki məbədin tikildiyi, sonradan dağıdıldığı Məbəd dağı olaraq, yəhudilər üçün də müqəddəs yerdir. O, yəhudiliyin ən müqəddəs yeri olan Qərb Divarının yuxarısında yerləşir.

Əl-Əqsa tez-tez fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmaların və fələstinlilərin Qərb Divarında yəhudi ibadət edənlərə qarşı hücumlarının baş verdiyi yerdir. Əslində HƏMAS oktyabrın 7-də Qəzzada hazırkı müharibəyə səbəb olan İsrailə qarşı hücumunu "Əqsa seli" adlandırıb.

İsrailin sərt-xətt milli təhlükəsizlik naziri İtamar Ben Qvir Ramazan ayında Əl-Əqsaya gələn fələstinlilərin sayına məhdudiyyət qoyulmasına çağırıb. Lakin bu göstəriş belə məhdudiyyətlərin zorakılığa səbəb olacağını deyən İsrail təhlükəsizlik qüvvələrinin rəhbərləri tərəfindən rədd edilib.

Fələstinli analitiklər də bu fikirdədir. Əl-Qüds qəzetindən Rasim Obeydat: "2021-ci ildə israillilərin ibadət edənlərə qoyduğu məhdudiyyətlərin və maneələrin necə toqquşmalara səbəb olduğunu gördük. Netanyahu Ben Qvirin siyasətinə əməl etməkdə davam edərsə, eyni prosesi görəcəyik".

Əl-Əqsa yaxınlığında təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, insanlar Ramazanı səbirsizliklə gözlədiklərini deyirlər. Fələstin sakini Nadia Natçi: "Biz heç bir problem istəmirik. Kimisə öldürmək, kimisə yaralamaq. Sadəcə Ramazanda əmin-amanlıq olmasını istəyirəm".

Fələstin sakini Səid Eddin Əl-Kazaz: "Mən Əl-Əqsada iki səbəbə görə namaz qılıram. Birincisi, Allahdan mükafat üçün. Əl-Əqsada edilən hər dua Allah qarşısında 500 duaya bərabərdir. İkincisi, Əl-Əqsada varlığımız çox vacibdir. Əgər mən getməsəm və başqaları getməsə, biz Əl-Əqsanı boş qoyacağıq və onlar gəlib alacaq".

İsrail təhlükəsizliyini əsas gətirərək, Ramazan ayında belə gənc müsəlman kişilərin Əl-Əqsada namaz qılmasına icazə vermir. Polis həmçinin deyib ki, bu gərgin dövrdə İordan çayının qərb sahilindən Qüdsə gələn fələstinlilərinin sayı məhdudlaşdırılacaq.

 

Amerikanın Səsi