“Əl-Cəzirə”: Səudiyyə Ərəbistanı hökuməti şiə din alimlərini həbs etməyə davam edir

 Səudiyyə Ərəbistanı hökuməti Qətif və Əl-Əhsa bölgələrində şiə müsəlmanları sıxışdırmaqla həmişə şiə alimlərini və liderlərini hədəf alır. Səudiyyə hökuməti din alimlərini hədəfə alaraq, Səudiyyə Ərəbistanında dini cərəyanları və şiə gənclərin motivasiyasını əngəlləməyə çalışır.

Ötən həftə Səudiyyə Ərəbistanı rəsmiləri heç bir izahat və səbəb göstərmədən səudiyyəli din alimi Şeyx Məhəmməd əl-Abadı həbs ediblər.

Operativtv.com SalamNews-a istinadən verdiyi məlumata görə, Şeyx Məhəmməd əl-Abad təxminən 7 ay əvvəl azadlığa buraxılıb və Səudiyyə rəsmiləri onu keçən həftə yenidən həbs ediblər.

Şeyx Məhəmməd əl-Abad 2022-ci ilin martında azadlığa çıxana qədər təxminən 3 il həbsdə yatıb. Şeyx əl-Abad vətəndaş hüquqlarının müdafiəsində göstərdiyi cəsarətli və düzgün mövqeyə və Səudiyyə ailəsinin korrupsiya və əməllərini tənqid etdiyinə görə həbs edilib.

Hazırda Səudiyyə Ərəbistanında həbsdə olan şiə din alimlərinin sayı 20 nəfərə çatıb.

Səudiyyə Ərəbistanı ailəsinin təhlükəsizlik orqanları tərəfindən indiyədək onlarla Səudiyyə Ərəbistanı şiəsi həbs edilib. Səudiyyə Ərəbistanında hər zaman şiə fəallar və müxaliflər həbs edilib. Lakin Məhəmməd bin Salmanın 2017-ci ilin iyununda vəliəhd şahzadə seçilməsindən sonra şiələrin və səudiyyəli müxaliflərin həbsi və sıxışdırılma sürəti xeyli artıb. İş o yerə çatıb ki, 2019-cu ilin may ayında Səudiyyə hökuməti soyuqqanlılıqla 37 nəfəri edam edib və başlarını bədənlərindən ayırıb. Həmçinin, 2022-ci il martın 12-də Səudiyyə Ərəbistanının şərqindəki Əl-Əhsa və Qətif bölgələrində yaşayan 41 səudiyyəli şiə etirazçı edam edilib.

Səudiyyə hakimiyyəti ruhaniləri özbaşına həbs edib, sonra isə onların özlərini müdafiə etmək və ya vəkil təyin etmək hüququndan məhrum edərək, onlar üçün ədalətsiz məhkəmə prosesi keçirib. Sonra isə onlara ağır cəzalar verib.

Səudiyyə Ərəbistanında insan haqlarının geniş şəkildə pozulması hər zaman beynəlxalq insan haqları təşkilatları və qruplarının diqqətini çəksə də, qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanında da xüsusilə şiələrə qarşı məzhəb zorakılığı və sistemli ayrı-seçkilik siyasəti gündəmdədir.