Kişilər bayramı-dəyərlərin qeydi

İslam tarixi ilə hər il 13 Rəcəb İmam Əlinin (ə) mövludu, kişilər bayramı günüdür. Bu bayramın kişilər günü seçilməsi və bayram qeyd olunması bu gündə bir neçə xüsusi məqama diqqət olaraq seçilib. Kişilər günü və bayrama xüsusi dəyər cinsin kişi müəyyən olunması, eyni halda bayram məclislərinin rəngarəgliyi ilə əsla əlaqəli deyil.
İslama görə kişi (rəcul) özündə şərəf, ləyaqət, dəyanət, mətanət, bir sözlə həqiqi qüruru simvolizə edən bir çox xüsusiyyətləri özündə ehtiva edən özəllikdir. Kişi yəni varlığını rəzalətin ayaqları altına atmayan, zülm və haqsızlığa sinə gəlməyi bacaran, haqq və ədalətin yanında olub onun bərqərar olması üçün varlığını fəda edən, sədaqəti ali duruşu ilə tərənnüm edən və sair aliliklərə məxsus varlıqdır. O, zəifin himayədarı, qolu zorlunun qənimidir, o, məzlumun dəstəkçisi-hamisi, zalımın düşməni və fatehidir. Dinə görə bu daxili rəşadətin, dözüm və itaətin nəticəsi olaraq formalaşan kişi həqiqi insan siması olaraq tanınır.
İslamın kişi dediyi cins deyil, o Yezidin sarayını titrədən Zeynəbləri, Fironun ruhunu lərzəyə salan Asiyaları, Məryəmləri, Hacərləri, Xədicələri və bəşərin insanlıq nümunəsi olan Fatiməsinə (s.ə.) dəyər olaraq qiymət verir.
Şübhəsiz onun kişi adlandırılması beyinlərin məhsulu olaraq qiymətləndirmə baxımından bu adla səslənsə də, mahiyyət baxımından niyə kişi olaraq qiymətləndirilməsi bir çox müqəddəs kəlamlarda qeyd edilmişdir. Bu, kişi olmaq üçün hər kəsə verilən şansdır, cins olaraq adı kişi olub bunu seçə bilməyən, əxlaq və iffətini itirib namusunu hərraca qoyan, pul, vəzifə, mənsəb qarşısında sınan aciz varlıqlara da, başı nizələrə taxılsa da, zülm və haqsızlıqla öldürülsə də, zindanlara salınaraq işgəncələr müqabilində öz haqq yolundan dönməyən dəyanətli həqiqi kişilərə də bu şans verilir.
Təbii ki, bu dəyərlərə sadiq şəxslərin hər məqamda qalibiyyəti onun bayram deyilən sevinc müjdəsinin qeyd amilidir. Necə ki, İmam Əli (ə): “Günah etmədiyin gün sənə bayramdır” hədisində bu sadə, eyni zamanda mükəmməl olaraq əks olunub. Bayram ruhun və cismin vəhdətində fəthin zəfər sevincini yaşayan şəxsin dünyasının müşk ətiridir.
Həqiqət nurunda vəsf olunan kişilərin insanlıq nümunəsi olan kişi-İmam Əlinin (ə) mövlud günü dəyərlərə və dəyərlilərə bayram sevincidir. Hər kəsə bu sevincin, həzzin ləzzətində bayram ruhunun fatehi olmaq diləyi ilə, bayramınız mübarək kişilər!