İsraildə Livanla müharibə səsləri

İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Livan ərazisindən həyata keçirilən raket hücumunu "İsrailə qarşı müharibə" kimi qiymətləndirib.

İsrail ordusu sözçüsü tərəfindən verilən açıqlamada Livandan Netua, Manara və şimaldakı hərbi bazaya silsilə raketlər atıldığı, ordunun cavab olaraq atəş açıldığı nöqtələrə atəş açıldığı qeyd edilib.

Livan Hizbullahı hələlik məsələ ilə bağlı açıqlama verməyib.

8 oktyabr 2023-cü ildən Livan-İsrail sərhədində İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında qarşılıqlı toqquşmalar gedir.

Bildirilir ki, qarşıdurmalar səbəbindən Livanda 86 min, İsraildə isə 100 minə yaxın mülki vətəndaş evlərini tərk edərək didərgin düşüb.

Vasitəçi qismində çıxış edən ABŞ və Fransadan olan nümayəndə heyətləri Hizbullah ilə İsrail ordusu arasında qarşıdurmalara son qoymaq və quru sərhədini çəkmək üçün müxtəlif fasilələrlə Təl-Əviv və Beyruta səfər ediblər.