İsrail influenserlərə hər sosial media postuna görə 7 min dollar ödəyir

İsrail hökuməti hər sosial media postuna görə amerikalı influenserlərə təxminən 7 min ABŞ dolları ödəyir. 

ABŞ-nin Kuinsi İnstitutu bu ölkənin "xarici agentlər" qanunvericiliyinə əsasən aidiyyəti qurumlara təqdim olunmuş sənədlərə istinadən bu rəqəmi açıqlayıb. 

Sənədlərdən görünür ki, İsrail Xarici İşlər Nazirliyi ilə çalışan "Bridges Partners" şirkəti “İnfluenser Kampaniyası” ilə bağlı bir sıra hesab-fakturalar hazırlayıb. 

Hesab-fakturalarda bu ilin iyun ayından başlayaraq noyabrda başa çatması nəzərdə tutulan sosial media layihəsi üçün ümumilikdə 900 min ABŞ dolları ayrıldığı görünür. 

Layihənin reallaşdırılması üçün ABŞ-də yaşayan 14-18 nəfərlik influenser qrupu ilə işləmək nəzərdə tutulub. 

Sənəddə qeyd olunur ki, layihənin büdcəsi həm influenserlərə ödənişlər, həm də sosial media məzmunu istehsalı üçündür, lakin bunların arasında dəqiq bölgü göstərilmir. 16 sentyabr tarixinədək olan inzibati istehsal xərcləri — hüquqi, bank, marketinq xərcləri və digər layihə xidmətləri -  nəzərə alındıqda, iyun-sentyabr ayları üçün influenserlərə 552,946 ABŞ dolları ayrıldığı məlum olur.

Şirkət bu qrupdan həmin müddətdə sosial mediada 75-90 paylaşım etməsini gözlədiyini bildirib. Kuinsi İnstitutunun hesablamalarına görə, bu, hər paylaşım üçün aşağısı 6,143 dollar edir, yuxarı həddə isə hər bir influenser paylaşım başına 7,372 dollar qazana bilər.

İsrail baş naziri Benyamin Netanyahu da bu həftə ABŞ-yə səfəri çərçivəsində influenserlərlə görüşüb. 

Nyu-Yorkda İsrail konsulluğunda baş tutan görüşdə Netanyahu "informasiya müharibəsi"ndə mübarizə aparmağın önəmindən danışıb. 

"Siz mübarizə aparmalısınız. Əgər bu həyatı yaşayırıqsa, onun mənası mübarizə aparmaqdadır. Əgər siz mübarizənin başında getsəniz, "təqibçi"ləriniz də olacaq", - baş nazir deyib.