İslamda “Mərcəiyyət” prinsipi 6-cı, sonuncu hissə - Hədisin dəlaləti və mənası

Həvadis (Hadisələr): Bu hədisdə qeyd olunan "hadisə" kəlməsi şübhəsiz, o məsələlərə aid edilir ki, ümmət o hadisələrdə, İmam Zamana (ə.f) müraciət edirdi. Yəni baxmayaraq ki, fiqhi məsələlərin çoxu da elə ictimai məsələlərə qayıdır ancaq bu hadisələr sözünün fiqhi məsələlərə şamil olmasından əlavə, ictimai və siyasi məsələlərə də aiddir.
Ruvatu hədis (Hədis raviləri): Şübhəsiz ki, burada hədis ravisindən məqsəd yalnız hədisi nəql edən şəxs deyil. Məqsəd hədisi anlayan, onun külliyyatından müxtəlif təfərrüatları çıxara bilən ravilərə deyilir. Bunlar elə o zaman da fəqih adlanırdılar.
Şahid 1: İmam Baqir (ə), Əban bin Təğlib barədə buyurdu: “Mədinə məsciddə otur və camaata fətva ver.”
Başqa bir hədisə əsasən, İmam Sadiq (ə) səhabəsinə buyurdu: “Əban bin Təğlib məndən çox hədis eşidibdir. Hər nə lazım olsa ona müraciət et və ondan eşitdiklərini mənim adımdan de.”
Göründüyü kimi, Əbanın rəvayət nəql etməsi ilə, digərlərinin rəvayət nəql etməsi tam fərqli anlamdadır. Əbanın rəvayət nəql etməsi, onun fətvasıdır.
Şahid 2: İmam (ə), iki ravinin nəql etdiyi rəvayətlər bir-biri ilə zidd olduqda buyurdu: “Onların daha fəqihlərinin rəyinə əməl edin.” Məlum olur ki, İmamın (ə) məqsədi təkcə rəvayət nəql etmək deyil. Məqsədin bu olması mümkün belə deyil. Çünki bununla İmam (ə) özünə ümumi naib təyin edir.
İmam Sadiq (ə) buyurur: “Çoxlu fiqhi rəvayət edənlər var ki, rəvayət etdiyi adamlar o hədisi onlardan yaxşı anlayır. Bunlar fiqh daşıyan, onlar isə fiqh biləndirlər.”
Müddəaya xitam vermək məqsədilə, əziz oxucuları, Ömər bin Hənzələ və Əbi Xədicənin mötəbər (məqbulə) və məşhur (məşhurə ya mötəbərə) hədislərinə yönəldirik.
Şeyx Kuleyni və Şeyx Tusi sənədli şəkildə Ömər bin Hənzələdən belə rəvayət edir: Əbu-Əbdillahdan (İmam Sadiq ələyhis-salam) soruşdum: (Bəzi hallarda) şiələrin arasında müəyyən öhdəliklər, yaxud miras barədə ixtlaflar yaranır. Olarmı ki, bu halda onlar (şəriət hakimi olmayan) hakimə və qaziyə müraciət etsinlər? İmam (ə) buyurdu: Hər kəs istər haqqa görə, istərsə də batilə görə onlara müraciət etsə, tağuta və batilə müraciət etmişdir. Onların hökmü ilə əldə etdiyi, onun haqqı olsa belə, haramdır...
Soruşdum: Bəs bunlar nə etsin?
Buyurdu: Sizin (şiələrin) içindən bizim halal və haramımız barədə rəy və nəzər sahibi olanlar və hökmlərimizi tanıyan ravilərə müraciət etsinlər. Onların verdiyi hər hökmü qəbul etsinlər. Çünki mən onları sizin üçün hakim qərar verdim. Onlar bizim hökmümüz əsasında hökm verdikdə, onların hökmünü qəbul etməyənlər Allahın hökmünə əhəmiyət verməmiş və bizi inkar etmiş hesab edilir. Bizim hökmümüzü inkar edənlər də, Allahın hökmünü inkar etmiş sayılır. Bu isə şirk və müşriklik həddi deməkdir.
Şeyx Tusi öz sənədi ilə, Əbi Xədicədən belə rəvayət edir: Əbu-Əbdillah (İmam Sadiq ələyhis-salam) məni səhabələrimizin yanına göndərdi və buyurdu: "Onlara de ki, aranızda ixtilaf olduqda heç vaxt bu fasiqlərə müraciət etməyin. Bizim halal və haramımıza agah olan şəxsləri öz içinizdən seçib, hakim qərar verin. Mən onları sizin üçün qazi təyin etdim.”
Bu iki hədisdə, İmam Sadiq (ə) fəqihlərə hökm və qəzavət məqamı verir, halbuki, qeyd etdiyimiz kimi, o zaman fətva vermək və ictihad etmək, bəsit bir şəkildə idi və adətən rəvayətlər vasitəsilə yaxud xüsusi rəvayətlərə istinadən həyata keçirilirdi. Bu hədislərdə bizim hökmlərimizi tanısın və halal haramımızda nəzər və rəy verməyi bacarsın nöktələrinə təkid olunubdur.
Nəticə
Mərcəiyyət məqamı, İlahi bir məqam olaraq, İmamət əsasının davamıdır və məzhəbin əsl və prinsiplərindən hesab edilməlidir.
Diqqət! İlahi rəhbər ya xüsusi təyin edilir ya xüsusiyyətlərlə təyin edilir. Dində millət və sərhəd olmadığı üçün, vahid dinin vahid ümməti, vahid kitabı, eyni peyğəmbəri və eyni imamları olduğu kimi, həmçinin eyni mərcəi-təqlidləri vardır.
Son.

Müəllif: Höccətul-islam vəl-muslimin Eldar Əlihüseynzadə