İraq baş naziri: Ölkə ərazisinin qonşulara zərər vermək üçün istifadə edilməsinə icazə verməyəcəyik

“Biz İraq torpağının bir ölkəyə zərər vermək üçün istifadə edilməsinə icazə verməyəcəyik.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şiya Sudani Tehranda səfərdə olarkən deyib.

O, İran prezidenti İbrahim Rəisi ilə birgə mətbuat konfransında qeyd edib ki, İraq ərazisinin digər qonşu ölkələrə zərər vurmaq üçün istifadə edilməsinə icazə verilməyəcək.

Məhəmməd Şiya Sudani deyib: Biz bu gün İran İslam Respublikasının dəvəti ilə iki qardaş ölkə arasında iqtisadi və siyasi sahədə ikitərəfli əlaqələri müzakirə etmək və son regional və beynəlxalq hadisələri nəzərdən keçirmək üçün Tehrandayıq. Bugünkü səfər iki ölkə arasında tarixi əlaqələri və müxtəlif sahələrdə ortaq nöqtələri gücləndirmək məqsədi daşıyır və bu ortaq məqamları gücləndirmək üçün çalışmaq bizim üçün zəruridir.

İraqın baş naziri əlavə edib: İraq xalqı və hökuməti İranın ötən illərdə, xüsusilə 2003-cü ildən və İŞİD terrorçularına qarşı müharibənin (2014) başlanmasından bu yana göstərdiyi dəstəyi heç vaxt unutmayacaq. Bu dəstək müxtəlif sahələrdə özünü göstərdi. Qardaşlarımız iraqlı qardaşları ilə birlikdə haqqın batilə qarşı döyüşlərində canlarını da verdilər.

Sudani deyib: Biz həmçinin region xalqlarının təhlükəsizliyinə xələl gətirən terrorizm, ekstremizm və narkotiklərlə mübarizədə birgə əməkdaşlıq və koordinasiyanın vacibliyini vurğulayırıq.