İranın separatçı kürd qruplara raket hücumunda ölən və yaralananların sayı açıqlanıb

 İran İslam İnqilabı Keşikçilər Ordusunun bu gün səhər Ərbilin Koy-Sıncaq rayonunda separatçı kürd birləşmələrin mövqelərinə raket hücumunda bir nəfər ölüb və səkkiz nəfər yaralanıb.

Operrativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın şimalında Kürdüstan Regional Hökumətinin mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün səhər Ərbilin Koy-Sıncaq rayonunda “Kürdüstan Demokratik Partiyası”nın (İran cinahı) qərargahları İran tərəfindən atılan beş ədəd raketlə hədəfə alınıb.”

Əlavə edilib ki, bu hücumda bir nəfər ölüb və səkkiz nəfər yaralanıb. Yaralıların bəzisinin vəziyyəti ağırdır və bu deməkdir ki, ölüm sayı arta bilər.

İran tərəfi səhər bəyanat verərək, İraqın şimalında separatçı və terrorçu qrupların mövqelərini hədəfə aldığını bəyan edib. Rəsmi Tehran ölkədəki son iştişaşların planlaşdırılması və idarə edilməsində İraqın şimalındakı separatçı kürd birləşmələrini də ittihamlandırır.