İranda zəhərlənmə aktlarında şübhəli bilinən şəxslər həbs edilib

İranın Fars əyalətində 5 nəfərin məktəblərdə zəhərli qazdan istifadə etdikləri səbəbilə həbs edildiyi açıqlanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (ISNA) verdiyi məlumata görə, İran polisinin sözçüsü Said Muntazarulmehdi ölkə miqyasında narahatlıq yaradan qız tələbələrin zəhərlənməsi halları ilə bağlı həbslərin ilk təfərrüatlarını paylaşıb.

Muntazarulmehdi, "3-ü qadın olan 5 nəfər Fars əyalətinin Laristan rayonunda qız məktəblərinin bağçasına zəhərli maddələr atdıqları üçün saxlanılıb" deyib.

Şübhəlilərin rayondakı 7 məktəbin bağçasına azot qazı atdıqlarının müəyyən edildiyini bildirən Muntazarulmehdi həbs edilən 3 qadının 53 qız tələbənin zəhərlənməsinə səbəb olan hərəkətlərini lentə alaraq İran rejiminə müxalifliyi ilə seçilən “İran İnternational” televiziyasına göndərdiyini ifadə edib. 

Muntazarulmehdi deyib ki, şübhəlilər dindirmə zamanı məqsədlərinin "İran administrasiyası haqqında mənfi rəy yaratmaq və məktəblərə inamsızlıq yaratmaq" olduğunu bildiriblər.

Qeyd edək ki, daxili işlər nazirinin müavini Məcid Mirəhmedi dünən verdiyi açıqlamada tələbələrin kütləvi zəhərlənməsi ilə əlaqəsi olduğu müəyyən edilən bəzi şəxslərin 5 əyalətdə kəşfiyyat qrupları tərəfindən saxlanıldığını açıqlayıb.

İran Parlamentinin Zəhərlənmə İşləri üzrə İstintaq Komissiyasının üzvü Məhəmməd Həsən Asferi dünən verdiyi açıqlamada 30 noyabr 2022-ci ildən bəri 25 əyalətdə 230 məktəbdə əksəriyyəti qızlardan ibarət 5 mindən çox tələbənin zəhərləndiyini bildirib.