İmran Xanın minlərlə tərəfdarı yenidən yürüşə çıxıb

 

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Pakistanın keçmiş Baş naziri İmran Xanın minlərlə tərəfdarı 70 yaşlı müxalifət liderinə sui-qəsd cəhdi səbəbindən dayandırılan erkən seçki tələbi yürüşünü bir həftə sonra, cümə axşamı paytaxt İslamabadda yenidən keçirib.

"Əsl azadlıq hərəkatı" adlandırılan yürüş noyabrın 3-də Xanın güllələndiyi Pəncab vilayətinin Vəzirabad şəhərindən başlayıb.

Kriket ulduzundan populist siyasətçiyə çevrilmiş Xan ayağından güllə yarası alıb və vilayətin paytaxtı Lahordakı evində hələ də müalicə olunur. Hücum zamanı onun "Pakistan Təhrik-e-İnsaf" partiyasının bir üzvü ölüb, 13 nəfər yaralanıb.

Xan cümə axşamı yürüş iştirakçılarına virtual olaraq müraciət edib və Baş nazir Şehbaz Şərif, daxili işlər naziri Rana Sanaulla və ordunun rəhbərlik etdiyi kəşfiyyat agentliyi olan Xidmətlərarası Kəşfiyyatın və ya ISI-nin general-mayoru Feysal Nasirinonu öldürməklə bağlı iddialarını bir daha təkrarlayıb. Xan bir daha onda Pakistan kəşfiyyat orqanlarından ona sui-qəsd planının hazırlandığı barədə məlumat olduğunu iddia edib.

"Mənə qarşı sui-qəsd planını təxminən iki ay əvvəl aşkar etmişdim və sentyabrda ictimai mitinqlərimdə bunu ifşa etməyə başladım" , Xan deyib.

O, heç bir sübut təqdim etməyib və həyatına sui-qəsdlə bağlı qərəzsiz araşdırmaya imkan verilməsi üçün üç nəfərin istefasını tələb edib.

Şərif hökuməti və hərbçilər bu iddiaları "əsassız və məsuliyyətsiz" adlandırıb.

Polis atəş açan şübhəlini dərhal həbs edib və o, daha sonra sızdırdığı iddia edilən video etirafında tək hərəkət etdiyini deyib.

Xan cümə axşamı etdiyi çıxışında bildirib ki, vilayət polisi sonrakı araşdırmalarında iki hücumçunun olduğu qənaətinə gəlib və hadisə ilə bağlı qərəzsiz və yüksək səviyyəli məhkəmə araşdırması aparılmasına çağırıb.

Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Ştatlar və digər ölkələr Xana hücumu pisləyib.

Çərşənbə axşamı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays zorakılığın siyasətdə yeri olmadığını deyib.

"Son günlər Pakistanda baş verənlərdən narahatıq. Tərəflər heç vaxt zorakılığa əl atmamalıdır. Onlar öz fikir ayrılıqlarını sülh yolu ilə ifadə etməlidirlər. İfadə azadlığı, sərbəst toplaşmaq azadlığından ümumbəşəri hüquqlardan istifadə etməklə həyata keçirməlidirlər. Zorakılıq çıxış yolu deyil" - deyə, Prays bildirib.