Hakimiyyət aclıq edən məhbusları azadlığa buraxacaqmı?

“O, aclığa başlamaqla COP29  iştirakçılarının diqqətini siyasi məhbuslara çəkmək istəyib” 

Gələn həftə Bakıda başlayacaq BMT-nin İqlim Dəyişikliyi Konfransı - COP29 ərəfəsində hüquq müdafiəçilərinin siyasi məhbus kimi təqdim etdiyi bir neçə məhbus aclığa başlayıb. Onlar bu yolla siyasi motivlə həbs edilmiş şəxslərin azadlığa buraxılmasına nail olmaq istədiklərini bildirirlər. Onların bəzisi isə daha öncədən aclıq edir, bəzisi isə aclığa başlayacağının anonsunu verir. Toplum TV-nin əməkdaşı onlardan bəzisinin ailə üzvləri, yaxınları ilə əlaqə saxlayıb. 

 

“Rəis müavini çıxıb mənə deyir ki, Polad yaxşıdır, ailəsiylə danışmaq istəmir”

Noyabrın 4-dən aclıq aksiyasına başladığı bildirilən Xeberman.com saytının təsisçisi Polad Aslanovun çəkisi 49 kiloqrama düşüb. Bu barədə Toplum TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova danışıb. 

Onun sözlərinə görə, saxlanıldığı cəzaçəkmə müəssisəsinin əməkdaşları onu bu qərarından daşındırmağa çalışsalar da, bu mümkün olmayıb. 

Gülmirə Aslanova deyir, noyabrın 4-dən 5-nə keçən gecə məhbusu saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsindən Müalicə Müəssisəsinə aparmaq adıyla çıxarıblar. Ancaq noyabrın 5-də Ombudsman Aparatından ailəyə bildirilib ki, məhbusu 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər. Ailə başqa mənbədən öyrənib ki, onu həmin cəzaçəkmə müəssisəsində cəza kamerasına salıblar. 

“Saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsi də ciddi rejimli idi, etap olunduğu müəssisə də. İki müəssisə arasındaki  məsafə də uzaq deyil. Məqsədləri bu yolla Polada mənəvi, psixoloji əziyyət verməkdir”, - bunu Gülmirə Aslanova söyləyir. 

Onun sözlərinə görə, həyat yoldaşı xəbər göndərib ki, aclığı dayandırmaq fikri yoxdur. Polad Aslanovun böyrəklərində, dişlərində problemlər, sinir sistemində pozuntu olduğunu deyən G.Aslanova dəfələrlə onun müalicə müəssisəsinə yerləşdirilməsini istəsələr də, imtina cavabı aldıqlarını bildirir. Ancaq o deyir ki, həyat yoldaşının aclıq aksiyasına başlaması təkcə buna görə deyil: “O, aclığa təkcə səhhətinə qarşı laqeyd münasibətə, barəsində Azərbaycan məhkəmələrinin çıxardığı ədalətsiz hökmlərə, qərarlara etiraz olaraq yox, həm də bir neçə günə Azərbaycana gələcək COP29 iştirakçılarının diqqətini siyasi məhbuslara çəkmək üçün başlayıb”.

Noyabrın 7-də Gülmirə Aslanova 15 saylı Cəzaçəkmə Müəssisəsinə həyat yoldaşına baş çəkməyə gedib. Deyir ki, bir neçə saat gözləyəndən sonra  məhbusa apardığı sovqatı götürsələr də, özünü nə görə, nə də telefon vasitəsiylə danışa bilib. 

“Rəis müavini çıxıb mənə deyir ki, Polad yaxşıdır, ailəsiylə danışmaq istəmir, özü istəyəndə zəng edəcək”, - o söyləyib.

Yazı hazır olarkən Polad Aslanovun həyat yoldaşı Toplum TV ilə əlaqə saxlayaraq onun zəng vurduğunu, saxlanma şəraitindən narazılığı olmadığını, amma beynəlxalq diqqəti Azərbaycanda siyasi motivlərlə həbs edilmiş şəxslərin  üzərinə çəkmək üçün başlatdığı aclıq aksiyasını davam etdirdiyini deyib.

Polad Aslanov 2019-cu ildə İrana casusluq etmək ittihamı (Cinayət Məcəlləsinin 274-cü maddəsi - dövlətə xəyanət) ilə həbs olunub. 16 il həbs cəzasına məhkum edilib. Özü isə ittihamları rədd edib, xüsusi xidmət orqanları əməkdaşlarının korrupsiya əməllərini ifşa etdiyinə görə təqib olunduğunu deyib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

 

“Mən Bəhruzun nənəsi olaraq İlham Əliyevə səslənirəm, azad et bu gəncləri”

Tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov da ona irəli sürülən ittihamlara etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirib. Bu barədə onun nənəsi Zibeydə Osmanova Toplum TV-yə məlumat verib: “Mən bunu biləndə çox narahat oldum. Vəkildən xahiş etdim Bəhruza çatdırsın ki, mən onu 2 yaşından əziyyətlə böyütmüşəm. Onun canına bir zərər gəlsə, özümə bağışlamaram. Həftədə iki dəfə danışıram nəvəmlə, deyir ki, nənə, ordan-burdan oxuduqlarına inanma, mən günahsızam. Mən Bəhruzun nənəsi olaraq İlham Əliyevə səslənirəm, azad et bu gəncləri, onlar bu ölkənin gələcəyidir, həbslərdə çürütmə. Nəvəmin iki kompüterini, iki telefonunu aparıblar evdən. Axtarıb içərisindən Bəhruzun sülh yazılarından başqa heç nə tapmayacaqlar. Sülh istəmək cinayətdirsə, gərək dünyadakı bütün insanları həbs etsinlər”.

Nənənin sözlərinə görə, Bəhruz ona irəli sürülən “dövlətə xəyanət” ittihamını qəbul etmir və günahsız yerə həbsdə saxlanıldığını deyir.

Bu ilin avqustunda həbs edilən Bəhruz Səmədov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O,  "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır, elə həbsinin səbəbini də tutduğu mövqe ilə izah edir.

 

“Məhkəməsi baş tutsaydı, quru aclığa başlayacağını bəyan edəcəkdi”

150 gündür təcridxanada aclıq etdiyi bildirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımov quru aclığa keçəcəyini bəyan edib. Bu barədə Toplum TV-yə danışan qardaşı Nazim Qasımov deyir ki, Fazil Qasımov ötən ayın sonuna təyin olunmuş məhkəmə iclasında bu barədə bəyan edəcəkmiş. Ancaq məhkəmə COP29-dan sonraya – dekabr ayınadək təxirə salınıb.

“Fazil vəsatət yazmışdı, hakimə təqdim edəcəkdi. Məhkəmə baş tutmadığına görə mənə verdi ki, vəkili vasitəsiylə məhkəməyə göndərim. İki-üç gün əvvəl Fazillə həbsxanada görüşəndə dedi ki, o vəsatətdə quru aclığa başlamaq barədə bəyanatım vardı. Siyasi məhbuslara azadlıq, mənə və Qubad İbadoğluna qarşı saxta ittihamlara, cinayət işinə son qoyulması tələbim vardı. Əgər bu tələblərim yerinə yetirilməsə, yaxın günlərdə quru aclığa başlayacam”, - N.Qasımov deyir.

Fazil Qasımovun növbəti məhkəmə iclası dekabrın 5-nə təyin edilib.

O, keçən il avqustun 8-də İstanbulda saxlanılıb və Azərbaycana gətirilib. Ona qarşı professor Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaq ittihamı irəli sürülüb. Bir müddət sonra Qasımovun cinayət işi ayrı icraata götürülüb. O, ittihamın saxta olduğunu bildirir və buna etiraz olaraq aclıq edir.

 

“Famil dedi ki, aclığı dayandırmayacağam”

Bakı İstintaq Təcridxanasında 80 günə yaxındır aclıq etdiyi deyilən ictimai fəal, I qrup əlil Famil Xəlilovun ayaqları tutulub, hərəkət edə bilmir, üstəlik  36 kiloqram çəki itirib.  Bunu onun həyat yoldaşı Kiçikxanım Xəlilova söyləyir. 

O, 3 gün əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasının Sanitar-Tibb  hissəsində saxlanılan həyat yoldaşıyla görüşəndə vəziyyətinin daha da ağırlaşdığını müşahidə etdiyini bildirir: “Dedi ki, hüquqlarım bərpa olunmayana qədər aclığı dayandırmayacağam”.

Famil Xəlilova Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. O, bu maddə ilə 5 ildən 12 ilədək həbs oluna bilər. İttihamları qəbul etməyən fəal avqustun 15-dən aclıq aksiyasına başladığını bildirib.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

 

“Aclıq aksiyası tükənmiş hüquqi vasitələrin fonunda baş verir”

Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, siyasi motivlərlə cəmiyyətdən təcrid edilmiş şəxslər mümkün hüquqi vasitələrə istinad etsələr də, bir nəticəsi yoxdur. Onun sözlərinə görə, daxili instansiyalarda maddi və prosessual hüquq normaları kobud şəkildə pozulur. Ona görə də istər daxili, istərsə də beynəlxalq auditoriyanın, siyasi güc mərkəzlərinin diqqətini cəlb etmək üçün aclığa başlayırlar. 

“Bu, təəssüf ki, tükənmiş hüquqi vasitələrin fonunda baş verir. COP-29-un keçirildiyi dövrdə Bakıya dünyanın müxtəlif ölkələrindən yüksəkrütbəli məmurlar, hökumət və dövlət başçıları təşrif buyuracaqlar. Təqsirsiz, siyasi motivlərlə cəza evlərində saxlanılan insanlar aclıqla beynəlxalq auditoriyanın diqqətini cəlb etmək istəyirlər. Əlbəttə, hüquq fəalı olaraq heç vaxt aclıq aksıyasını təşviq etməmişəm. Lakin bu, son həddir və siyasi məhbusları anlayıram”.

Aclıq aksiyalarının əhəmiyyəti, effekti olacaqmı? Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycan sürətlə avtoritarizmdən imtina edib, diktaturaya keçdiyinə görə bu məsələ bir qədər qəlizdir: “Hakimiyyət yerli və beynəlxalq ictimai rəyi, haqlı etirazları, aclıq aksiyalarının tələblərini rədd edir. Bu mənada YAP idarəçiliyi vicdan məhbuslarının dörd divar arasında dinc aksiyalarını görməzdən gəlir. Hakimiyyət üçün yalnız bu müddəa keçərlidir: “Kimin nə vaxt tutulmağını, hansı müddətə həbsdə saxlanmasını, nə zaman azalığa buraxılacağını özümüz bilirik və müəyyənləşdiririk”. Bəli, sistem özünə belə bir imtiyaz tanımaqdadır”, - hüquq müdafiəçisi vurğulayır.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını, ölkədə heç kimin siyasi və ya peşə faəliyyətinə görə təqib edilmədiyini, həbsdəki şəxslərin konkret cinayət əməlinə görə saxlanıldıqlarını bildirir.

Yerli hüquq müdafiəçiləri isə ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirirlər.

Bakıda keçiriləcək COP29 tədbirinin başlamasına bir neçə gün qalıb. Hər il fərqli ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (ingiliscə COP-"Conference of the Parties)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək.

Tədbir öncəsi beynəlxalq təşkilatlar, siyasətçilər, ABŞ-da, Avropada qanunverici orqanların üzvləri Avropa İttifaqının, Avropa Şurasının liderlərinə, eləcə də ABŞ dövlət katibinə müraciət edərək siyasi məhbusların azad edilməsi üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərilməsinə çağırıblar.  

 

ToplumTV