Enerji təsərrüfatına 5 milyard yatırılan ölkə niyə işıqsız qaldı?

İyulun 2-dən 3-nə keçən gecə Azərbaycanın bütün ərazisində işıqlar sönüb. Bəlli olub ki, Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib.

Şəhər sakinləri məlumat yayıb ki, stansiya ərazisində güclü partlayış eşidilib və yanğın baş verib. Stansiyanın 1 və 6-cı bloklarının sıradan çıxdığı bildirilir.

Rəsmi məlumatlarda da İES-in 6-cı blokunda yanğın baş verdiyi göstərilir. Rəsmi səbəb kimi isə həddindən artıq yükləmə qeyd olunur.

Respublika ərazisinə elektrik enerjisinin verilişi hadisədən bir neçə saat sonra bərpa edilməyə başlayıb.

Hadisə ilə əlaqədar ölkə başçısı İlham Əliyev Dövlət Komissiyası yaradıb. Müvafiq vəzifə sahiblərindən ibarət komissiya hadisənin baş verməsi səbəblərini araşdırmalı və qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görməlidir. Eyni zamanda Baş Prokurorluq hadisənin səbəblərini araşdırmaq və təqsirkarları müəyyənləşdirib məsuliyyətə cəlb etmək üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə istintaq tədbirləri həyata keçirməlidir.

Hadisə ilə əlaqədar iyulun 3-də Baş nazirin birinci müavini Yaqub Eyyubov və “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevirə səfər ediblər.

Xatırladaq ki, bu miqyasda qəza Azərbaycan elektrik enerjisi təsərrüfatında ilk dəfə baş vermir. 2002-ci ilin yayında da Mingəçevir İES-də qəza olmuşdu və bütün ölkədə işıqlar sönmüşdü. Ekspertlər baş verən hadisəni elektrik enerjisi təsərrüfatında idaərçiliyin düzgün qurulmaması, xüsusən də 2002-ci il olayından hər hansı nəticənin çıxarılmaması kimi qiymətləndirir.

“Bu, 2002-ci ilin yayında baş verən hadisədən nəticə çıxaırlmamsı deməkdir. Belə enerji təhlükəsizliyi olar? Sual yaranır, neft vəsaitlərindən gələn pullar niyə elektrik güclərinin artırılmasına xərcləməyib? Suallar çoxdur və həmişəki kimi cavablar yetərli deyil”, – deyə enerji məsələləri üzrə ekspert İlham Şaban Azadlıq Radiosuna deyib.

Ekspertin fikrincə, baş verən hadisə ölkədə enerji təhlükəsizlyinin təmin edilməməsinin göstəricisidir. İ.Şaban deyir ki, ölkədə elektrik istehsalı çox olsa da bunun düzgün paylanması həyata keçirlilmir və əsas problem də elə budur.

“İndi sual olunur ki, elektrik enerjisi təsərrüfatına son 15 ildə 5 milyard dollar investisiya yatırılan olkədə bir mühəndis səviyyəsində adam olmayıb durub desin ki, enerjinin paylanması və avtomatik idarə edilmə infrastrukturunu da yaratmaq lazımdır”.

İ.Şaban hesab edir ki, bu ölkənin enerji təhlküəsizliyi kimi ən vacib məsələnin kağız üstündə qalmasının göstəricisidir.

Ekspert deyir ki, Mingəçevir İES-də bir blok yanır, amma avtomatik paylayıcı sistem olmadğına görə, ölkədən ötrü həyati əhəmiyyət daşıyan obyekt və müəssisələr belə elektrik təchizatından ayrılır.

İqtisadçı Vahid Məhərrəmli isə qəzanın səbəbi kimi rəsmi açıqlamada həddindən artıq yükləmənin göstərilməsini də qeyri-ciddi sayır. “İndi Gürcüstandan Azərbaycana 57-60 MVt gücündə elektrik enerjisi ötürülür. Bəs görəsən, Gürcüstandan bu qədər elektrik enerjisinin ötürülməsi, yəni artıq yüklənmə nədən qonşu ölkənin enerji sistemində qəza yaratmadı?”, – deyə o, sual edir.

V.Məhərrəmli də ölkədə enerji təhlükəsizliyinin təmin olunmamasına, enerji mənbələrinin şaxələndirilməsi haqda layihələrin kağız üzərində qalmasına diqqət çəkir.

“Artıq 5 ildir ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin payını ümumi enerji istehsalının 20 faizinə çatdırmaq məqsədilə dövlət büdcəsindən 1 milyard dollardan çox vəsait ayrılıb. Ortada isə heç nə yoxdur”, – deyə o, bildirir.

azadliq.info