“İlham Əliyev əvvəlcə sabit tarif bəhanəsilə qazın və elektrik enerjisinin qiymətini qaldırtdı. Bu gün də istilik xidmətinin və 286 adda dərmanın qiymətini xeyli qaldırtdı”.
Bunları Azərbaycan Xalqq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ölkədə bir neçə xidmətin bahalaşmasına münasibət bildirərkən deyib.
AXCP sədri özünün “Facebook” hesabında yazır:
“Necə olur, ucqar bir rayonun ucqar kəndində kiçik bir uşaq bağçasının, məktəbin, kitabxananın belə tikintisinə görə təşəkkürlər İlham Əliyevə edilir, açıq deyilir ki, onun göstərişi olmasaydı tikilməzdi, ancaq ölkənin 10 milyon əhalisinin qazının, elektrik enerjisinin, istilik xidmətinin qiymətini hansısa "özbaşına" Tarif Şurası qaldırır? Ola bilərmi belə şey? Belə "cəsur" məmurlar ölkəmizə başqa planetdən gəlib?”.
Əli Kərimli hesab edir ki, “artıq ölkədə "Tarif Şurası nağılına" inanacaq sadəlövh insanlar qalmayıb”.
“Hamı bilir ki, qiyməti qaldıran ölkəni təkbaşına idarə edən İlham Əliyevdir. 375 nəfər siyasi məhbusun həbsi də, azad mətbuatın sıradan çıxarılması da, vətəndaş cəmiyyəti və müxalifətin ardıcıl repressiya vasitəsilə zəiflədilməsi də məhz rejimin əl - qolunu açmaq üçün edilirdi ki, ölkəni istədikləri kimi idarə etsinlər”, - Ə.Kərimli qeyd edib.
Əli Kərimli: “Hamı bilir ki, qiyməti qaldıran ölkəni təkbaşına idarə edən İlham Əliyevdir"