Elnur İsmayılov, bəlkə bir az yavaşıyasınız?

Məncə, sizdən geninə-boluna istifadə edəcəklər, günün birindəsə kəlləmayallaq gedəcəksiniz.
Son dövrlərin müşahidələri əsasında göstərə bilərəm ki, bu gün cani-dildən qulluq etdiyiniz hakimiyyət, nəhayət, hansısa xoşagəlməz situasiyada sizi güdaza verəcək və yuxarıda yazdığım kimi, kəlləmayallaq olacaqsınız. Nəsə mənə elə gəlir...
Odur ki, özünüzə bir az çəki-düzən verin, ağ eləməyin, təkcə bu günlə yaşamayın, uzağa getmirəm, elə yaxınlıqdakı Tofiq Həsənovun acı aqibətinə, müsibətinə baxın.
Və 2017-ci ildə xidməti kabinetinizdə məhkum Rüfət Səfərovla etdiyiniz mübahisəni xatırlayın...
Çox inamlı idiniz.
Kresloya yayxanıb yekə-yekə danışırdınız.
Özünüzə və qulluq etdiyiniz sistemə son dərəcə arxayın şəkildə belə bir cümlə də işlətdiniz:
"Heç kim bizə heç nə edə bilməz!"
Xatırlayırsınızmı?
Gərgin mübahisə zamanı əlləri arxadan qandallı məhkum Səfərovun Qəddafinin cəza-icra siyasətinə məsul olan vəzifəli şəxslərinin günün birində prospekt və küçələrdə belədən-belə, elədən-elə sürüdülmələrini yüksək diqqətinizə çatdırmasını da yada salırsınızmı?
Həyatdır, bilmək olmaz...
İnanın ki, belə bir dövrdə, mühitdə bu, tamamilə mümkümdür.
Çünki ağır şəkildə cəmiyyəti, insanları, günahsız və təqsirsizləri minməkdə davam edirsiniz-siz və tabeliyində olduqlarınız.
Əminəm, bu sətirləri oxuyarkən bəndənizə və hazırkı qeydlərinə qəşş edib gülürsünüz, amma ciddiyə alın və gözü çıxmış qardaşlarınızdan öyrənin və təkrar edirəm, yavaşıyın...
P. S. Postda adı keçən Tofiq Həsənov kimdir? Tofiq Həsənov Naxçıvan Penitensiar Xidmətinin rəisi idi. Ondan babat istifadə etdilər. Yararlılıq müddəti bitdi, işdən götürüb, paqonlarını sökdülər, atdılar məhbəsə. 10 il orada qalacaq. General-mayor idi...
 
 
Rüfət Səfərov
Hüquq müdafiəçisi