"Demokratiya 1918" Hərəkatının üzvü Orxan Zeynallı saxlanılıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, "Demokratiya 1918" Hərəkatının üzvü Orxan Zeynallı noyabrın 10-da axşam saatlarında saxlanılıb. Bu barədə Turana təşkilatın sədri Əhməd Məmmədli bildirib.

"Dünən Orxana zəng vurub Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov rayonun 18-ci polis bölməsinə çağırıblar. O, rəsmi bildiriş olmadan getməkdən imtina edib. Axşam isə onu mülki geyimli şəxslər evdən aparıblar", deyə Məmmədli bildirib.

Onun fikrincə, Zeynallının saxlanılmasına Facebook-da yazdığı status səbəb olub. "Həmin statusda Orxan polisi tənqid etmişdi. Tənqid isə bir ay əvvəl oğurlanan velosipedi ilə bağlı olub. O, bununla bağlı polisə şikayət etsə də, şikayətə müxtəlif bəhanələrlə baxılmırdı", deyə Məmmədli qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a Orxan Zeynallının saxlanıldığını təsdiq edib. "Hazırda araşdırma aparılır", deyə o əlavə edib.