Cozep Borrell: Əliyevin Ermənistana ərazi iddiaları qəbuledilməzdir

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Ermənistanın suverenliyinin pozulmasının Bakı üçün ciddi nəticələrə səbəb olacağını bildirib. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, Borrel bu barədə yanvarın 22-də Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"İlham Əliyevin ərazi iddiaları ciddi narahatlıq doğurur. Ermənistan ərazisinin və suverenliyinin hansısa şəkildə pozulması Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq", - Borrel açıqlamasında vurğulayıb. 

Borrell Bakını sülh müqaviləsi imzalamaq üçün Yerevanla konstruktiv dialoqa qayıtmağa çağırıb.

Aİ rəsmisi açıqlamasında son dövrlərdə gərginləşən Azərbaycan-Fransa münasibətlərinə də toxunub.  O bildirib ki, Aİ ölkələri diplomatları Azərbaycandan qovulmuş Fransa ilə həmrəylik ifadə edir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi artıq Cozep Borrelə cavab verib. Rəsmi Bakı bildirib ki, Aİ rəsminin sözügedən açıqlamaları faktların təhrif edilməsidir və həmçinin ikili standartların növbəti nümunəsidir.