Bu gün Xanım Məsumənin (s.ə.) vəfat günüdür

Şiələrin səkkizinci imamı həzrəti Rza əleyhissalamın bacısı həzrəti Məsumə salamullah ələyha, hicrətin 173-cü ili, zilqədə ayının biri, müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir. 
 Adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. Atası, şiələrin yeddinci imamı həzrəti Musa ələyhissalam, anası xanım Nəcimə salamullah ələyhadır.
 Bir çox İslam ölkələrində  həzrəti Məsumənin təvəllüd günü, qızlar günü olaraq qeyd olunur. 
İmam Rza, hicrətin 200-cü ili Məmunun təhdidli göstərişinə əsasən Xorasana yola düşür. Bu ayrılığa tab gətirə bilməyən xanım Məsumə, hicrətin 201-ci ilində qardaşına qovuşmaq üçün Xorasana tərəf yola düşür. Yol əsnasında, Save adlanan məntəqədə Xanımın karvanı, Əhli-beyt düşmənləri və hökümət quldurları tərəfindən təcavüzə məruz qalır. Hücum əsnasında Xanım Məsumənin halı pisləşir və bəzi mənbələrin yazdığına əsasən xanımı orada zəhərləyirlər. Məhz buna görədir ki, xanımın şəhid edilməsi və ya təbii vəfatı barəsində tarixçilər arasında ixtilaflı nəzərlər mövcüddur.  Xanım göstəriş verir ki, onu şiələrin məskunlaşdığı ən yaxın şəhərə aparsınlar. Beləliklə Xanımı Quma gətirirlər. 
 Xanım Məsumə 17 gün müqəddəs Qum şəhərində, Beytun-nur adlanan məhəllədə qalmış və nəhayət hicrətin 201-ci ili, Rəbius-sani ayının 10-u, müqəddəs Qum şəhərində fani dünyaya vida demişdir. Mübarək məzarı da elə həmin şəhərdə, Beytun-nur adlanan məhəllənin çox yaxınlığındadır. Məskun olduğu məkan Nur evi adlandırılmışdır. Dünyanın hər yerindən bu əzəmətli, ləyaqətli, ismətli və şücaətli xanımı ziyarətə gələn zəvvarlar, Müqəddəs Qum şəhərində məzarını ziyarət etməklə yanaşı Nur evini də ziyarət edirlər. Uca Allah, arzusunda olan hər kəsə nəsib etsin.