Bakı Metropoliteni gələn il daha 10 yeni ventilyator alacaq

Bu ilin payızına qədər “Bakı Metropoliteni” QSC-nin stansiyalarında ümumilikdə 7 yeni ventilyator quraşdırılacaq.
 
Bunu jurnalistlərə açıqlamasında qurumun Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev deyib.
 
Onun sözlərinə görə, onların 2-si artıq metronun “Memar Əcəmi” və “ Qara Qarayev” stansiyalarında quraşdırılıb: “Həmin ventilyatorların gücü 75kVt-dur. Qarşıdakı dövrdə “Nizami”, “Nəriman Nərimanov” və Ulduz stansiyalarında da yeni ventilyatorlar quraşdırılacaq. Bunlardan isə 2-si 75kVt-luq, 3-ü isə 55kVt-luq olacaq. 2 ədəd 55kVt-luq ventilyator “Nərimanov” və “Ulduz” stansiyalarının arasındakı tuneldə, biri isə “Nizami” stansiyasında quraşdırılacaq”.
 
“Ventilyatorlar xüsusi sifariş əsasında Rusiyanın “Ventprom” maşınqayırma zavodunda istehsal olunub. 7 ventilyator artıq Bakıdadır. Onların idarəetmə sistemləri Almaniyanın “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Bu il 7 ventilyator dəyişdiriləcək, gələn il isə daha 10 ventilyatorun alınması nəzərdə tutulur”, - deyə o, əlavə edib.