Azərbaycanda orta aylıq əmək haqqı artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 583,3 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.
 
Bu barədə Dövlət Statistika Komitəsinə xəbər verib.
 
Xəbərə görə onlardan 895,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 687,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
 
Muzdla işləyənlərin 21,2%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,3%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
 
2019-cu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 581,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.