"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuat azadlığı təşkilatının Almaniya bürosu ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin Münxendə "dünyada müstəqil mətbuat yoxdur" deməsinə münasibət bildirib.
Münxen Təhlükəsizlik Konfransında iştirak edən Əliyev ayaqüstü Azərbaycan televiziyalarının suallarını cavablandırıb. Daha sonra "Obyektiv TV"-nin rəhbəri Emin Hüseynov ondan müstəqil mətbuatın suallarına da cavab verib-verməyəcəyini soruşub. Əliyev isə "dünyada müstəqil mətbuat yoxdur" deyə cavab verib.
"Bu bəyanat Əliyevin söz və mətbuat azadlığının sistemli şəkildə boğulmasına dair siyasətini nümayiş etdirir. Hazırda Azərbaycanda 25 müstəqil jurnalist həbsdədir və qeyri-insani şəraitdə saxlanılırlar. Demək olar ki, hökuməti tənqid edən bütün redaktorlar ölkəni tərk etməyə məcbur olublar", - "Sərhədsiz Reportyorlar" bildirir.
Azərbaycan "Sərhədsiz Reportyorlar"ın ən son açıqladığı dünyada mətbuat azadlığı reytinqində 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Azərbaycan 100 mümkün baldan 25.47 bal toplayıb.
"Sərhədsiz Reportyorlar" İlham Əliyevin "dünyada müstəqil mətbuat yoxdur" deməsinə münasibət bildirib