ABŞ səfirindən sərsəm iddia: “İncilə görə İsrail bütün Yaxın Şərqə sahib ola bilər”

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi İncilə əsaslandığını iddia edən İsrailin bütün Yaxın Şərqi ələ keçirməyə haqqı olduğunu kimi sərsəm bir iddia edib. 

O, bunu amerikalı jurnalist Taker Karlsona fevralın 20-də yayımlanan müsahibədə bildirib. 

Baptist keşiş olan və sionist mövqeyi ilə tanınan Hakabi səfir kimi fəaliyyətə başlamazdan əvvəl də xristianların müqəddəs kitabına istinadən müəyyən torpaqların "Tanrı tərəfindən yəhudilərə verildiyini" iddia edib. 

Karlson isə müsahibədə dəfələrlə səfirə sual verərək həmin torpaqların müasir dövrdəki dəqiq sərhədlərini soruşub. 

"Siz hansı torpaqdan danışırsınız? Çünki mən Yaradılışın 15-ci fəslini dəfələrlə oxumuşam və orada deyilir ki, həmin torpaq Nil çayından Fərat çayına qədər uzanır. Bu isə demək olar ki, bütün Yaxın Şərqi əhatə edir", - o sual edib. 

Hakabi bir az düşündükdən sonra cavab verib: “O torpaqların hamısını ələ keçirsələr, bu, problem olmaz”.

Amma o əlavə edib ki, hazırda İsrailin belə bir iddiası yoxdur: “Onlar gedib bütün torpaqları ələ keçirmək istəmirlər, amma ən azı hazırda nəzarət etdikləri və yaşadıqları torpaqlara sahib olmaq istəyirlər”.

“Siz öz ilahi inanclarınız çərçivəsində xristian sionizminin nə olduğunu izah edirsiniz və məncə, siz indicə dediniz ki, İsrail dövləti bütün Fələstini, bütün Suriyanı, bütün Livanı ələ keçirsə, sizin üçün bu, normal olardı", - jurnalist cavab verib. 

Hakabi isə açıqlamasını bu cür izah etməyə çalışıb: “Onlar İordaniyanı ələ keçirməyə çalışmırlar. Suriyanı ələ keçirməyə çalışmırlar. İraqı və ya başqa hər hansı bir yeri ələ keçirməyə çalışmırlar. Amma indi öz xalqlarını qorumaq istəyirlər. Əgər bütün bu ölkələr tərəfindən hücuma məruz qalsalar, müharibədə qalib gəlsələr və həmin torpaqları o zaman ələ keçirsələr, bu başqa məsələ, bu artıq tamam başqa bir müzakirə mövzusudur".

ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqlərindən olan Karlson fevralın 18-də İsrailə səfər edib, lakin hava limanı ərazisini tərk etmədən ABŞ səfirindən müsahibə alıb. 

O, müsahibədən sonra ölkəni tərk edərkən israilli sərhədçilər tərəfindən saxlanıldığını və sorğu-sual edildiyini iddia edib. 

Fevralın 20-də yayımlanan verilişində Karlson Hakabini başına gələnlərlə bağlı onunla maraqlanmamasına görə sərt tənqid edib.

“Əgər siz İsrailə gedən bir amerikalısınızsa, əmin ola bilərsiniz ki, sizin hökumətiniz İsrail hökumətinin tərəfini tutacaq, sizin yox", - o deyib.