ABŞ Ali Məhkəməsi Trampın tariflərini qanunsuz sayıb

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın xarici ölkələrin mallarına tətbiq etdiyi genişmiqyaslı gömrük rüsumlarını (tarif) ləğv edib.

Fevralın 20-də baş tutan prosesdə məhkəmənin 9 nəfərlik hakim heyətindən 6-sı Trampın tariflərini qanunsuz sayıb və onların ləğvinə səs verib. 

Hakimlər bildirib ki, ABŞ Konstitusiyasına əsasən, tariflərin tətbiqinə prezident yox, Konqres qərar verə bilər. 

Tramp isə tarifləri tətbiq edərkən 1977-ci ildə qəbul olunan “Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı”na istinad edirdi. 

Tramp administrasiyasını tariflərin tətbiqinə görə yüzlərlə şirkət və 12 ştat məhkəməyə vermişdi. Onlar bildirirdi ki, rüsumları yekunda xarici ölkələr yox, şirkətlər özləri ödəyir və yerli istehlakçılara satılan malların qiymətini qaldırmalarına səbəb olur. 

Aşağı instansiya məhkəmələri də iddiaçıların lehinə qərar vermişdi. Lakin Tramp administrasiyası işi Ali Məhkəməyə qədər aparmaqda qərarlı olub.

Ağ Ev qərara hələ ki münasibət bildirməyib. 

Kanada və Britaniya da daxil olmaqla Trampın tarif tətbiq etdiyi bir sıra ölkələr məhkəmənin qərarını müsbət qarşılayıblar. 

Tramp ötən il aprelin 2-də bir neçə ölkədən alınan məhsullara yüksək səviyyəli tariflər elan edib. 

Çin məhsullarına 104, Kambodiya məhsullarına 49, Vietnam məhsullarına isə 46 faizlik tariflər tətbiq olunub. Avropa İttifaqı ölkələrindən idxal olunan məhsullara isə 20 faizlik, Azərbaycan da daxil olmaqla əksər ölkələrə isə minimum 10 faizlik tariflər tətbiq olunub. 

Sonradan bəzi ölkələr Trampa cavab olaraq ABŞ məhsullarına eyni həcmdə tariflər tətbiq edib, o da qarşılığında tarifləri daha da artırıb.