Azərbaycan qaz ixracını artırıb

Bu ilin yanvar ayında Azərbaycanın təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,5 % artıb.

Toplum TV xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov fevralın 13-də “X” sosial şəbəkəsində məlumat yayıb. 

Onun sözlərinə görə, bunun 1,1 milyard kubmetri Avropaya, 0,8 milyard kubmetri Türkiyəyə, 0,4 milyard kubmetri isə Gürcüstana ixrac olunub.

Rəsmi statistikaya əsasən, ötən il Azərbaycandan xaricə qaz satışı 23,8 milyard kubmetr olub. Bu, 2022-ci illə müqayisədə 5,3 % çoxdur. 

Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 

2027-ci ilin sonunadək kəmərin ötürücülük qabiliyyətinin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.