Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var".

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib.

O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur: 

“Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda biz görürük ki, digər etibarlı enerji tərəfdaşlarımız var və onlardan biri məhz Azərbaycandır. Sizi əmin edə bilərəm ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq”.

Simson nitqində həmçinin bəyan edib ki, Avropa İttifaqı gələcəkdə elektrik enerjisi ixracında Azərbaycanı əsas tərəfdaş kimi görür:

"Avropa İttifaqında elektrik enerjisinin istehlakı artacaq. 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur".

Rəsmi Azərbaycanın elektrik enerjisi ixracının Avropadakı gələcək infrastruktur layihələri üçün vacib olduğunu vurğulayıb.