AŞPA Azərbaycanın nümayəndə heyətini Assambleyadan kənarlaşdırmağa qərar verdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verib.

Yanvarın 24-ü AŞPA plenar iclası Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib.

Qətnamədə 20 ildən artıq Avropa Şurasına üzv olmasına, bugünədək qəbul edilmiş çoxsaylı qətnamələrə baxmayaraq, Azərbaycanın təşkilat qarşısında götürdüyü mühüm öhdəlikləri yerinə yetirməməsindən dərin narahatlıq ifadə edilir.

Müzakirələrdə çıxış edən AŞPA üzvləri Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə son dönəmlərdə siyasi motivli həbslərin və təqiblərin artması, media azadlığına qarşı təzyiqlər, o cümlədən “Abzas Media” jurnalistlərinin həbsin, “Tərtər işi” də daxil olmaqla işgəncə və pis rəftar hallarının geniş yayılması, Azərbaycanın Avropa Məhkəməsi qərarlarını icra etməməsi və birsa digər məsələlər barədə danışıblar.

“Bu vəziyyət, Azərbaycanın bir il müddətində Assambleyada olmaması təəssüf doğurur, ancaq bu vacibdir. Bunun vacib olduğunu anlamaq üçün bir neçə rəqəmə diqqət yetirə bilərik. Son illərdə qəbul edilən ən az 14 qətnamədə Azərbaycanın adı Assambleyanın bütün əsas dəyərlərini - demokratiya, insan hüquqları və qanunun aliliyini pozan ölkə kimi çəkilir. Siyasi məhbusların sayı ilə bağlı rəqəm də məsələnin nə dərəcədə ciddi olduğunu göstərir - 254 siyasi məhbus”, hesabatın müəllifi danimarkalı deputat Mogens Yensen vurğulayıb.

Parlamentarlar həmçinin Azərbaycanın öhdəliklərinə zidd olaraq Assambleya ilə əməkdaşlıq etməməsinə, xüsusən Assambleyanın qarşıdan gələn prezident seçkilərinə dəvət edilməməsi, AŞPA-nın Monitorinq Komitəsinin məruzəçilərinə siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşə icazə verilməməsi, AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərlərinə imkan yaradılmamasına diqqət çəkiblər.

AŞPA-nın yalnız Ukraynadan və Türkiyədən olan iki üzvü qətnamənin əleyhinə olduqlarını ifadə ediblər. Onlar məsələlərin həlli üçün azərbaycanlı deputatlarla dialoqun davam etməli olduğunu qeyd ediblər.

Qətnamə 76 səs lehinə, 10 səs əleyhinə olmaqla qəbul edilib. AŞPA-nın 4 üzvü isə bitərəf qalıb.

Sonda qətnamədə qeyd edilir ki, Azərbaycanın nümayəndə heyəti prosedur daydalarında nəzərdə tutulmuş şərtlər yerinə yetirdikdən sonra Assambleyadakı fəaliyyətini bərpa edə bilər.

Xatırladaq ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu gün səsvermədən əvvəl qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bəyan edib və daha sonra plenar iclası tərk ediblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov etimadnamənin qəbul edilməməsi ilə bağlı təşəbbüsün Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

“Bəzi qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqları üçün sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm üstünlük təşkil edən praktikaya çevrilib”, Azərbaycanın nümayəndə heyətinin bəyanatında vurğulanır.

 

Amerikanın Səsi