Aprel ayında 120 dünya lideri Bakıda toplaşacaq

Azərbaycan üzv dövlət kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) 2018-ci ilin ikinci yarsından sədrlik funksiyasını həyata keçirir. Ona görə Azərbaycan bu ilin dekabr ayında bu xətlə QDİƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin  toplantısına ev sahibliyi edəcək.
 
Qaynarinfo xəbər verir ki, açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
 
XİN rəsmisi bildirib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına - dünyanın 120 ölkəsinin təmsil olunduğu bir təşkilata sədrlik funksiyasını yerinə yetirəcək. 
 
"Sədrlik funksiyası çərçivəsində Hərəkatın 18-ci sammiti gələn ilin aprelində Bakı şəhərində keçiriləcək. Bu sammitə 120 ölkənin dövlət və hökumət başçıları qatılacaq. Onu da xatırladım ki, sədrliyə hazırlıq prosesinin tərkib hissəsi kimi bu ilin 2-6 aprel tarixlərində Azərbaycan Hərəkatın xarici işlər nzirlərinin aralıq toplantısına ev sahibliyi etdi, orada yekun bəyanat qəbul olundu.
 
Nəzərə almaq lazımdır ki, bu Hərəkat BMT-dən sonra dünya dövlətlərinin cəmləşdiyi və çox geniş bir coğrafiyanı əhatə edən ən böyük beynəlxalq formatdır. Azərbaycan bu qurumun üzv dövlətlərindən biri kimi onun ən fəal üzvlərindəndir”, - deyə H.Hacıyev əlavə edib.