73 yaşlı Ağdam sakini yaralanıb

Qəbiristanlıqda doğmalarının məzarını ziyarət edən qadının qulağından yaralandığı deyilir
 
Dekabrın 26-da Ermənistan ordusunun açdığı atəş nəticəsində Ağdam rayonunun Baş Qərvənd kənd sakini 73 yaşlı Dilşad Allahverdiyevanın yaralandığı bildirilir.
 
Hadisə Miraşelli kənd qəbiristanlığında baş verib.
 
"Report”-un məlumatına görə, Bakıdan qohumlarının məzarını ziyarətə gedən Dişad Allahverdiyeva qulağından yaralanıb.
 
O, rayon xəstəxanasına aparılıb, tibbi yardım aldıqdan sonra evə buraxılıb.
 
2017-ci ilin iyulun 4-də Füzuli rayon Alxanlı kəndinin atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Sahibə İdris qızı Allahverdiyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Zəhra Elnur qızı Quliyeva həlak olmuşdu. Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.
 
Həmin vaxt Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıldı.