12 saylı cəzaçəkmə müəsisəsində məhbuslar növbəti dəfə ölüm təhlükəsi ilə baş-başa qalıblar

12 saylı cəzaçəkmə müəsisəsində iyunun 1 də tavanın çökmə səbəbindən həyatını itirən bir məhbus buradakı vəziyyətin necə acınacaqlı olduğuna diqqət çəkdi. Hadisənin günorta, nahar vaxtında baş verməsi faciənin həcmini minimuma endirdi. Bütün dustaqların yeməkxanada olması yalnız bir nəfərin otağda olması uçqun altında qalmasına səbəb oldu ki, bu da məsələnin həllinə baxışın operativliyini qaçılmaz etdi.

Pentensiar Xidmət Baş İdarəsinin dəvəti ilə əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) işçi qrupu çağırıldı. Əraziyə baxış keçirən FHN təkcə tavanı çökən binanın deyil, ona yapışıq klub və yaxınlığında olan digər binanın da çökmə riski altında və yaşayış üçün təhlükəli olması barədə qərar verdi.

Bundan sonra bəzi məhbuslar bölgələrdə yeni inşa edilən həbsxanalara köçürülməyə başlanıldı. Lakin tam olaraq məsələ həllini tapmadan qaldı. Bəllidir ki, digər binalarla da bağlı FHN-nin eyni qərarı növbəti təhlükənin astanada olduğunu söyləsə də, görünən budur ki, Penitensiar Xidmət üçün məhbusların həyatı elə də əhəmiyyətli görünmədiyi üçün bu barədə sükut nümayiş etdirməyə üstünlük verdilər. Nəticədə növbəti çöküntü faktı yaşandı. Bu dəfə gecə yarısı, bütün qapılar məhbusların üzünə bağlı olduğu bir zamanda faciə qapını döyüb.

İyunun 13-də təxminən saat gecə 03 radələrdində tavanı dağılmış binanın növbəti bir hissəsində çökmə baş verib. Böyük beton parçasının çöküntüsü digər binada da titrəyişə səbəb olub. Ətrafda qorxu və həyəcan yaşanıb. Bir neçə gün öncə ölüm faktını yaşayan məhbusların binadan çıxmağa cəhd göstərmələri və bağlı qapılar arxasında binada qalma təhlükələri bir neçə məhbusun sıxlıq səbəbindən ciddi zədələnmələrinə gətirib çıxarıb.

Həyəcanlanan məhbuslar binanın başlarına çökəcəyi qorxusu altında bütün güclərini toplayaraq qapını qırmağa çalışıblar. Yaranan gərginlik müəsisə işçilərinin müdaxiləsi, qapıları açaraq məhbusları həyətə buraxılmaları ilə yüngülləşib. Səhərə qədər məhbuslar həbsxananın həyətində qalaraq vəziyyəti diri gözlə müşahidə ediblər.

İyunun 14-də Baş İdarədən növbəti işçi qrupu hadisə yerinə gəlib. Penitensiar Xidmətin rəis müavini, polkovnik Fikrət Qafarov hadisə yerinə baxış keçirdikdən sonra çökmə təhlükəsi altında olan və çökən binaya bitişik olan, FHN tərəfindən qapadılan klubun qapılarını açaraq məhbusların bir hissəsinin yeməkxanada, bir hissəsinin isə qəzalı klub binasında qalmasını istəyib. Onun bu fikirinə etiraz edən məhbuslara isə sərt cavab verən palkovnik hal-hazırda başqa bir addım ata bilməyəcəyini söyləyərək məhbusları ölümlə baş-başa buraxaraq oranı tərk edib.

Fikrət Qafarovun bu qərarı özü, yoxsa Pentensiar Xidmətin rəhbəri Mirsaleh Seyidovun verdiyi dəqiqləşməsə də, dəqiq olan budur ki, bu addım yüzlərcə məhbusu ölüm təhlükəsi altında olan binada həyatın ümidinə buraxılmasından başqa bir şey deyil.

Məsələni diqqətdə saxlayacağıq.