Gürcüstanda daha bir müxalifət lideri həbs olunub

Gürcüstanda daha bir müxalifət lideri həbs olunub. 

Bu, son 3 həftədə həbs olunan 3-cü müxalifət lideridir. 

İyunun 13-də “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən Nika Qvaramia Rustavi məhkəməsinin önündə həbs olunub. 

Qvaramia daha öncə parlamentin istintaq komissiyası önündə ifadə vermədiyinə görə haqqında cinayət işi açılmışdı, lakin həbs qətimkan tədbiri seçilməmişdi. 

O, girov müqabilində azadlıqda qala bilirdi. 

Lakin o, 30,000 lari (təxminən 18,750 manat) məbləğində təyin olunan girovu ödəməkdən imtina edib və onun azadlıqda qalma müddəti iyunun 13-də başa çatıb.

Daha əvvəl koalisiyanın digər liderləri Zurab Caparidze və Nika Meliya də eyni səbəblərlə həbs olunub. 

“Əgər bunun üçün həbsdə olmaqla bədəl ödəməliyəmsə, yaxşı, o zaman bu bədəli ödəyəcəyəm. Vicdanım qarşısında və Gürcüstan qarşısında haqlı olduğuma əminəm.
Əgər ölkəmizi xilas edə bilməsək, bu, tarixdə qara səhifə olacaq”
, - Qvaramia məhkəməyə getməzdən əvvəl “Facebook” səhifəsində yazıb. 

İstintaq komissiyası hökumətin təşəbbüsü ilə yaradılıb və deputat Tea Tsulukianinin rəhbərliyi ilə fəaliyyət göstərir. Məqsəd isə keçmiş hakim partiya, hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkatın (UNM) iddia olunan cinayətlərini araşdırmaqdır.

 

ToplumTV