“Qədir-Xum” - dinin kamillik və nemətin sabitlik möhürü! 2-ci hissə

Quran daxil olmaqla dini mənbələrdə Qədir Xum hadisəsi əks olunubmu?

- Qədir-Xum hadisəsi ilə bağlı qəbul edilən bir neçə Quran ayəsi vardır. Müfəssirlər bu ayələrin Qədir-Xum hadisəsinə işarə etdiyini bildirirlər:

1. “Təbliğ ayəsi”: "Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Əgər bunu etməsən, Onun risalətini çatdırmamısan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir tayfanı hidayət etməz." (Məidə, 5:67)
Şiə müfəssisələrinin nəzərinə əsasən, bu ayə, Peyğəmbərin (s) Həzrət Əlini (ə) ümmətə rəhbər təyin etməsi ilə əlaqəlidir. Bu əmr ona Qədir-Xumda verildi və o da icra etdi. Ayədəki "əgər bunu etməsən, risaləti çatdırmamısan" ifadəsi, bu təbliğin çox mühüm olduğunu göstərir.

2. “İkmal ayəsi”: "Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim." (Məidə, 5:3)
Müfəssirlər izah edirlər ki, bu ayə Qədir-Xum hadisəsindən dərhal sonra nazil olmuşdur. Həzrət Əlinin (ə) rəhbər təyin olunması ilə İslam dini kamilləşmiş və Allahın neməti tamamlanmışdır. Bu baxış İmamətin dinin ayrılmaz bir hissəsi olduğunu vurğulayır.

3. “Mövla” sözü ilə bağlı ayələr: Qədir-Xum hadisəsində işlədilən "Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır" ifadəsindəki mövla sözünün mənası Quranın bir çox ayəsində "rəhbər", bəzi ayələrdə isə "köməkçi" və "dost" kimi keçir. Bu söz Quranda dəfələrlə Allah, Peyğəmbər və möminlər üçün istifadə olunmuşdur (məsələn, Tövbə 51, Bəqərə 257).

Nəticə etibarilə Quranda Qədir-Xum hadisəsi açıq şəkildə adla qeyd olunmur, amma şiə və bəzi sünni müfəssirlər bu üç ayənin həmin hadisə ilə bağlı olduğunu qeyd edirlər. Bəzi sünni müfəssirlər isə bu ayələrin fərqli kontekstlərə aid olduğunu bildirirlər. Buna görə də bu ayələrin Qədir-Xuma aid olub-olmaması məzhəbi baxışa görə dəyişir.

Ardı var…