“Qədir-Xum”- dinin kamillik və nemətin sabitlik möhürü! 1-ci hissə

Qədir-Xum İslam dünyasında hansı əhəmiyyətə malikdir?

Müsahibimiz Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin (MBHİH) üzvü, ilahiyyatçı Toğrul Nuriyevdir. Bu dəfə müsahibəmiz bəşəri mahiyyətə malik və bu gün də olduqca həssas bir mövzu olan “Qədir–Xum” bayramı ərəfəsinə təsadüf edir. Heç şübhəsiz bu, geniş izah və xüsusi yanaşma tələb edən mövzudur. Elə buna görə də müsahibə cavablarının genişliyini nəzərə alaraq onu 4 hissədə tərtib etmişik.

İlk sualdan başlayaq: Qədir-Xum İslam dünyasında hansı əhəmiyyətə malikdir?

- Qədir-Xum İslam dünyasında ən mühüm hadisələrdəndir. Bu gün Hz Muhəmməd (s) Hz Əlini (ə) özündən sonra ümmətə rəhbər təyin etmişdir.

Qədir-Xum hadisəsi İslam tarixində və xüsusilə şiə inancında dərin əhəmiyyətə malikdir. Bu hadisə hicrətin 10-cu ilində, Hz Muhəmmədin (s) vida həccindən qayıdarkən, Zilhiccə ayının 18-də Qədir-Xum adlı məntəqədə baş vermişdir.

Qədir-Xum hadisəsinin əhəmiyyəti barədə cildlərlə kitablar yazılmışdır. Xülasə olaraq bir neçə qeydi diqqətinizə çatdırırıq:

1. Rəhbərliyin təyini; (imamət)
Qədir-Xumda Peyğəmbər (s) Həzrət Əlini (ə) öz canişini və müsəlmanların gələcək rəhbəri təyin etmişdir. O, minlərlə müsəlmanın qarşısında Həzrət Əlinin (ə) əlini qaldıraraq belə buyurmuşdur: “Mən kimin mövlasıyamsa (rəhbəriyəmsə), bu Əli də onun mövlasıdır." Bu ifadə şiə məzhəbinin imamət anlayışının əsasını təşkil edir. Onlar bu hadisəni ilahi əmrə əsasən rəhbərliyin Həzrət Əliyə (ə) verilməsi kimi qəbul edirlər.

2. İslam ümmətində ixtilafın başlanğıcı;
Qədir-Xum hadisəsindən sonra Peyğəmbərin (s) vəfatı ilə müsəlmanlar arasında rəhbərlik məsələsində fikir ayrılığı yarandı. Şiələr Hz Əlinin (ə) təyin edilmiş rəhbər olduğunu, sünnilər isə xilafətin seçki yolu ilə müəyyən olunmasını qəbul etdilər. Bu fikir ayrılığı sonradan İslamdakı iki əsas məzhəbin formalaşmasına və aralarında ixtilafa səbəb oldu.

3. İslam birliyi və məhəbbət;
Qədir-Xum hadisəsi həm də müsəlmanlar arasında vəhdət və sevgi mesajı daşıyır. “Mövla” sözünün mənası bəzən rəhbər, bəzən də dost, yardımçı kimi izah edilir. Sünni mənbələrində bu hadisə Hz Əlinin (ə) fəzilətinin vurğulanması və ona hörmət və məhəbbətin artırılması kimi qeyd edilir.

4. Ən böyük bayram – “Eydül-Qədir”;
Şiələr Qədir-Xumu İslamın ən böyük bayramı hesab edir və bu günü xüsusi ibadətlərlə və mərasimlərlə qeyd edirlər. Bu bayram İmamətə olan bağlılığın və sədaqətin yenilənməsi günüdür.

Nəticə olaraq deyə bilərəm ki, Qədir-Xum hadisəsi İslam tarixində təkcə bir hadisə deyil, həm dini, həm siyasi, həm də ictimai baxımdan böyük təsirə malik dönüş nöqtəsidir. Bu hadisə müsəlmanların rəhbərlik anlayışına, məzhəbi kimliklərinə və ümumilikdə İslam dünyasının formalaşmasına birbaşa təsir göstərmişdir.

Ardı var…