Zəlzələnin fəsadları aradan qaldırılır

Fevralın 5-də baş vermiş zəlzələnin Şamaxı rayonunda fəsadları aradan qaldırılmaqdadır. Bununla bağlı şəhərdə 3 evin tikinti işləri tamamlanmaq üzrədir.
 
Bunu Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev bildirib. O vurğulayıb ki, zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikintisinə başlanıb: «İlkin olaraq 3 evin tikintisi başa çatır, bu günlərdə sahiblərinə təhvil veriləcək. 20-yə yaxın evin tikintisi isə davam edir. Belə ki, ev var hələ bünövrəsi qazılır, ev var tikintisinin 50 faizi başa çatıb. Bu, həm də tikilən evlərin bir-, yoxsa ikimərtəbəli olmasından asılıdır».
 
Baş memarın sözlərinə görə, ümumi qəzalı sayılan 251 evdən 20-dən çoxu sökülüb və bu evlər hissə-hissə sökülməkdə davam edəcək.
 
R.Əliyev deyib ki, hazırda onlara müraciətlər davam edir: «Komissiyaya daxil olmuş müraciətlər əsasında ərazilərə baxış keçirilir, dəymiş ziyanın miqyası müəyyənləşdirilir. Rayon üzrə 4930 müraciət qeydə alınıb. 4893 evə baxış keçirilib. 251 ev qəzalı kimi qeydə alınıb və bu evlərdə yaşamaq mümkün deyil».
 
Onun deməsinə görə, 1000-dən çoxu bərpa-gücləndirici tədbirlərə, 1800-dən çoxu isə təmirə ehtiyacı olan evlər kateqoriyasına aid edilib. 1800-dən çox evin vəziyyəti isə qənaətbəxş sayılıb.
 
R.Əliyev qeyd edib ki, evlərin təhvil verilməsindən ötrü konkret müddət qoyulmayıb: «Bizi əsas maraqlandıran müddət deyil, insanları yaşamaları üçün evlə təmin etməkdir. Məqsəd onların daha tez evlərinə köçməsidir. Bunun üçün maksimum tez işlər aparılır. Konkret vaxtı desəm, yanlış olar. Tikinti işinin öz axarı var və işlər gedir».
 
Onun deməsinə görə, artıq kəndlərdə olan qəzalı evlərə baxış keçirilib. Onların sökülməsinə yaxın günlərdə başlanmalıdır.
 
Fevralın 5-də gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilirdi. Zəlzələdən sonra prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib.
 
Prezident, eyni zamanda, fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasından ötrü Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
 
Azadlıq Radiosu