Zaxarova: Rusiya, Ukrayna və Türkiyə taxıl dəhlizi ilə bağlı görüşü razılaşdırmayıb

Rusiya Federasiyası, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin Qara dəniz taxıl təşəbbüsü məsələsi üzrə mümkün görüşü məsələsi razılaşdırılmayıb.

Operativtv.com APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Görüş razılaşdırılmayıb. Razılaşdırılan kimi məlumat verəcəyik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova bildirib ki, mayın 5-də Moskvada nümayəndə heyətləri ilə BMT nümayəndələri arasında taxıl sazişi üzrə danışıqların növbəti raundu keçiriləcək.

O əlavə edib ki, taxıl sazişi tərəflərinin yüksək səviyyəli görüşünün keçirilməsi müzakirə olunur, tarix dəqiqləşdirilməyib.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin taxıl sazişi ilə bağlı görüş keçirməyi planlaşdırdığını açıqlayıb.