Yəzidin dövründə İmam Səccada (ə) dua oxumağa icazə verilirdi, bu rejim buna da imkan vermir

İctimayyətə mövzu ilə bağlı məlumat vermək cəhdlərimizə baxmayaraq vəziyyətin dəyişmədən, daha kretik hal alması bir daha yenidən müraciət əsasımız oldu. Ölkənin qanunsuzluq mühitində məmur özbaşnalıqları ilə bağlı neqativ hallar ağlasığmaz dərəcədə artıb. Dinlənilməyən vətəndaş şikayətləri arxasında harınlanmış məmurlar dayanaraq qanunları ayaqlar altına endirməkdə davam edir. Bu səbəbə görə də müxtəlif sahələrin etiraz səsləri hər gün sosial mediada genişlənməkdədir. Mövcud vəziyyətin məşəqqətli tərəfi ondadır ki, belə bir haqsızlıq və zülm zatən haqqın sərhədlərini müdafiə üçün mübarizə aparan günahsız insanlara məhbəs divarları arasında yaşadılır. Azadlıqda çətinlikləri yaşamağın acısı üzərinə bir də, canı əlində olan həbsxana rəhbərinin işgəncə faktları zatən dözülməz olan məkanı yaşanmaz hala gətirir.
Biz bir müddət öncə 12 saylı müəsisədə baş verən özbaşnalıqlar haqda sizə məlumat vermişdik. Əlbəttə, heç bir cəzaçəkmə müəsisəsində vəziyyət ürəkaçan deyil. Lakin 12 saylı müəsisədə rəhbərlik bir az irəli gedərək yaratdığı “rejim” məhbusların həyatını cəhənnəmə çevirib. Daxildə baş verən qanunsuzluqlardan başlayaraq qəbuledilməz qida, şəraitsizlik, daxildə kəllə çarxı vuran qiymətlər və sair hallar üzərindən bir də müəsisə rəhbəri Mehman Əliyevin bəzi dustaqlarla işbirliyinə girərək həbsxana daxili gərginlik yaratma cəhdi müəsisəni hərbi işgəncə maşınına çevirib. Xüsusi olaraq Tale Bağırzadəni münaqişəyə çəkmək cəhdi, onunla xoş münasibətdə olan məhbusların döyülərək işgəncə görməsi Mehman Əliyev və müavini Babək İsgəndərovun törətdiyi cinayətlərdəndir. Bir neçə gün öncə öncə M. Əliyev öz otağında vəhşicəsinə döydürtdüyü Siyavuş Əsədovu karsa göndərib. Ertəsi gün isə müavini Babək İsgəndərov karserdə eyni vəhşiliyi davam etdirərək S. Əsədova ağlagəlməz işgəncələr verib. Onların bu davranışına səbəb Tale Bağırzadənin S. Əsədovu müdafiə etməsi olub. Rəhbərlik bütün bunları Siyavuşa “bağışlamadan” onu sərt cəzalandırıb. Məhbus İbrahimov İsmayıl da Tale Bağırzadə ilə münasibətlərinə görə işgəncəyə məruz qalaraq 2 ay karser cəzası alıb. Amansız işgəncələr səbəbindən digər məhbus Elvin Məmmədov qaşıq udaraq karserə salınıb. Bütün bu işgəncə halları hara qədər davam etməlidir ki, rəhbər şəxslər bunun qarşısını alsınlar?!
Gündəlik dua və ibadətlə məşğul olan ilahiyyatçı Tale Bağırzadə hər gün dua müddətində müxtəlif narahatlıqlar yaşayır. Onun normal dua etməsi belə qadağalanıb. Qanunsuzluq mühitində cəzalanmayacağına əmin olan Mehman Əliyev kimi müəsisə rəhbərləri bir zamanlar Yəzidin İmam Səccada (ə) qadağan etmədiyi dua ilə məşğul olmasını belə Yəziddən önə keçərək ona qadağalayırlar. Bu qədərinə hakimiyyətin susqunluğu və müəsisə rəhbərliyinə dəstək nümayiş etdirməsi bir daha bizi mövzu ilə bağlı müraciətə məcbur edir. Bütün beynəlxalq təşkilatlar, insan hüquq nüdafiəçiləri, o cümlədən partiya və vətəndaş cəmiyyəti nümayəndələrinə müraciət edib mövcud özbaşnalıqlara haqq səslərini ucaltmalarını onlardan xahiş edirik.
Qeyd edilən hadisə ilə bağlı rəsmi müraciət məktubu da hazırlanaraq Ədliyyə Nazirliyi Pentesiar xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinə (Ombudsman), beynəlxalq təşkilatlara müraciət ediləcək. Dərin böhrana yol açan məsələlərin həllinin yubanması vətəndaş dövlət münasibətlərinə zərbə ilə yanaşı Azərbaycanın beynəlxalq nüfuzunu da zədələməyə davam edir.
 
Müsəlman Birliyi Hərəkatı İdarə Heyəti.