Vüsal Manafovun yaddaşsız şahidi məhkəmədə gülünc vəziyyətə düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə şərlənib həbs edilən Vüsal Manafovun məhkəməsi baş tutub. "Məlumat" İnformasiya Agentliyinin verdiyi xəbərə görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahid ifadəsi dinlənilib.
Şahid qismində ifadə verən Tural Qurban oğlu Əsgərov hakimlərin, vəkilin və dövlət ittihamçısının suallarına "yadımdan çıxıb" cavabını verib. Özünü Binəqədi polis idarəsinin əməliyyatçısı kimi təqdim edən Tural deyib ki, Vüsal Manafovu evlərinin yaxınlığında tutublar, lakin Vüsalın saxlanmasında hal şahidi kimi ifadə verən digər şahid onu məsciddən çıxarkən tutduqlarını bildirib.
Ziddiyyət təkcə iki şahidin ifadəsində deyil, eyni zamanda Tural Əsgərovun ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadənin də başdan-ayağa ziddiyyət təşkil etdiyi bildirilib.
Vəkilin sualları qarşısında aciz duruma düşən şahid "Yadımdan çıxıb" cavabı ilə hətta dövlət ittihamçısını da dilləndirib. Dövlət ittihamçısı "əməliyyatçıların güclü yaddaşı olur, sizin niyə hər şey yadınızdan çıxıb. Vüsalı hansı ayda, tarixdə tutduğunuzu unutmusan, hansı fəsil olduğunu xatırlayırsanmı" sualına şahid Tural Əsgərov "bəli, isti geyinmişdik" cavabını verib.
Qeyd edək ki, Vüsal Manafov 2023 cü il aprelin 10-da həbs edilib. İlk əhya gecəsində Yasamaldakı Hacı Cavad məscidində səhərə qədər Vüsalla birgə dua edən, imsakda bir süfrədə çörək kəsənlər sən demə, mülki geyimli polislər imiş. Onlar səhər saat 5-də məsciddən çıxan Vüsalı tutublar.
Vüsal Manafov Azərbaycan CM-nin 234.4.3 maddəsi ilə ittiham olunur.
Növbəti məhkəmə 10 sentyabra təyin edilib.