Vəkil Zabil Qəhrəmanovun işi üzrə məhkəmə prosesi başlayıb

Vəkil Zabil Qəhrəmanovun işi üzrə məhkəmə baxışı başlayıb.

İyulun 8-də Gəncə Şəhər Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfinin Qəhrəmanovun şüşə qəfəsdən çıxarılaraq vəkilinin yanında əyləşdirilməsi ilə bağlı vəsatəti təmin edilməyib.

Prosesə hakim Ülkər Babazadə sədrlik edib. Qəhrəmanovun vəkili Səadət Seyidli bildirib ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin vəkili ilə yanaşı əyləşməsini istəyib. Onun sözlərinə görə, zərərçəkmiş şəxslər də buna etiraz etməyiblər:

“Baxmayaraq ki, zərərçəkənlər də buna etiraz etməyiblər, hakim müdafiə tərəfinin fikrini almadan vəsatətimizi baxılmamış saxlayıb”.

Müdafiə tərəfi daha sonra cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Alternativ olaraq, Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və hadisənin Göygöl rayonu ərazisində baş verdiyi əsas gətirilərək işə aidiyyəti üzrə baxılması istənilib.

Bu vəsatətlərə baxılması növbəti məhkəmə iclasına qədər təxirə salınıb. Növbəti proses iyulun 10-na təyin edilib.

Zabil Qəhrəmanovu 2025-ci il oktyabrın 23-də Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. İki gün sonra Gəncə Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət işi əvvəlcə Gəncə Şəhər Baş Polis İdarəsində başlanılsa da, sonradan istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verilib.

Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci, 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə ittiham olunur. Bu maddələr xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərmə, habelə təkrar, qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq ittihamlarını nəzərdə tutur.

Zabil Qəhrəmanov ittihamları qəbul etmir. O, barəsindəki cinayət təqibinin sifarişli olduğunu, işdə adı keçən şəxslərdən isə ona qarşı istifadə edildiyini bildirir.

Qəhrəmanov Azərbaycanda rezonans doğuran bir sıra cinayət işləri üzrə müdafiəçi kimi tanınır. O, Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı işdə təqsirləndirilən İlkin Süleymanovun, həmçinin qətl ittihamı ilə məhkum edildikdən sonra bəraət alan Polad İsmayılovun vəkili olub.

O, eyni zamanda “Tərtər işi” üzrə bir neçə zərərçəkmişin, eləcə də müxtəlif ictimai-siyasi fəalların hüquqlarını müdafiə edib.