ÜST COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdi

Ümumdünya səhiyyə təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə mayın 5-də qurumun rəhbəri Tedros Qebreyesus açıqlama yayıb. 

Onun sözlərinə görə, COVID-19 artıq beynəlxalq narahatlığa səbəb olan fövqəladə vəziyyət deyil.

Hərçənd Qebreyesus onu da qeyd edib ki, bu, koronavirusun səhiyyə sahəsinə qlobal təhlükə olmadığı mənasına gəlmir.

"Koronavirus hələ də qalır, buna görə də bütün dövlətlər digər yoluxucu xəstəliklər kimi, COVID-19-la da mübarizənin yollarını öyrənməlidir", - deyə o bildirib. 

Xatırlatma

Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi davam edir. 

Hökumətin qərarı ilə karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Pandemiya ilə əlaqədar Azərbaycanın quru sərhədləri bağlıdır. 

Nazirlər Kabineti yanında Operativ Qərargahının verdiyi məlumata görə, son sutkada Azərbaycanda koronavirusa 29 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxmuş 46 nəfər isə sağalıb. 

Bildirilir ki, indiyədək ölkədə ümumilikdə 831 511 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 070 nəfər müalicə olunaraq sağalıb, hazırda 187 aktiv xəstə var. Bu günə qədər 10 254 nəfər vəfat edib. İndiyədək vurulan vaksinlərin ümumi sayı isə 13 962 384 olub.