Türkiyədə böyük neft yatağı tapılıb

Türkiyənin TPAO neft şirkəti ölkə ərazisinndə təxmin edilən ehtiyatı 1 milyard barrel olan neft yatağı kəşf edib.

Neft yatağı Türkiyənin Şırnak vilayətində, İraqın yarımmuxtar Kürdüstan regionu və Suriya ilə həmsərhəd ərazidə tapılıb.

TPAO şirkətinin qazdığı kəşfiyyat quyusunun 162 metrdən çox dərinliyində neft yatağının olduğu aşkar olunub.

TPAO bildirib ki, bu quyu hazırda günə 10 min barrel neft verir.

Şirkət bu ilin sonunadək təxmin edilən yataq üzərində qiymətləndirmə quyularının qazılmasını planlaşdırır.

Hədəf günə 100 min barreldir

Oilprice.com saytı yazır ki, bundan başqa 2023-cü ilin ikinci yarısı üçün kəşfiyyat işləri də planlaşdırılıb.

TPAO-nun bu yataqdakı hədəfi günə 100 min barreldir. Bu, Türkiyənin neft hasilatını iki dəfə artıra bilər.

TPAO-nun bəyanatında deyilir ki, sözü gedən yataq Türkiyənin enerji müstəqilliyi əldə etməsinə təkan verəcək.

Hazırda Türkiyə daxili ehtiyacları üçün neftin hamısını xaricdən alır.

35 illik təminat

Ölkə habelə Qara dənizdə tapılmış qaz yataqları ilə də başqa ölkələrdən enerji asılılığına son qoymağı planlaşdırır.

Aprel ayında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez CNN Türk kanalına demişdi ki, Türkiyənin Qara dənizdə tapdığı qaz yataqlarının dəyəri hazırda 500 milyard dolları ötüb.

Nazir bildirib ki, bu yataqlar qarşıdan gələn 35 ildə Türkiyədə məişətdə işlədilən qazın tam həcmini verəcək.

Eyni qaz yataqları ölkə sənayesini müstəqil olaraq 15-20 il qazla təmin etmək imkanındadır.

 

Azadlıq Radiosu