Türkiyə və Misir liderləri İsrailin Rəfaha yaxınlaşan hücumunu dayandırmağa çalışır

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan və onun misirli həmkarı Əbdül Fətah Əl-Sissi çərşənbə günü Qahirədə görüşərək, birgə səylə HƏMAS-a qarşı müharibədə İsrailin Qəzzanın cənubundakı şəhərinə yaxınlaşmaqda olan hücumunun dayandırılmasına çağırıb.

Ərdoğanın səfəri Ankara ilə Qahirə arasında uzun illər davam edən gərgin və soyuq münasibətlərdən sonra əlaqələrin bərpa olunduğu vaxta təsadüf edir. Türkiyə uzun müddətdir ki, Misirdə terror təşkilatı kimi qadağan edilmiş panislamist “Müsəlman Qardaşları” qrupunun dəstəkçisidir.

Türkiyə lideri Misirin paytaxtı Qahirəyə ilk dəfə on ildən artıq bir müddətdən, çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərində ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanla görüşdükdən sonra gedib.

Misirin dövlət mediasının xəbər verdiyinə görə, Ərdoğan Əl-Sissi ilə Qahirənin İttihadiya sarayında görüşüb. Əl-Sissi daha sonra birgə keçirilən mətbuat konfransında deyib ki, onlar ikitərəfli münasibətlər və regional problemlər, xüsusilə də Qəzzada müharibənin dayandırılması səylərini müzakirə edib.

Misir və Türkiyə arasında fikir ayrılığı 2013-cü ildə, ordunun “Müsəlman Qardaşları” hərəkatının üzvü olan Misirin İslamçı prezidenti Məhəmməd Mursini devirməsindən sonra yaranıb.

Əl-Sissi ilə mətbuat konfransında danışan Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Rəfahda qurudan hücumdan çəkinməyə çağırıb və İsrail hökumətini Qəzzada “qırğınlar” törətməkdə ittiham edib.

“Qəzzadan əhalini boşaltmaq cəhdləri qəbuledilməzdir” - deyə, Ərdoğan bildirib.

Misir Rəfaha qurudan hücumun yüz minlərlə fələstinlini sərhəddən keçərək Misirin Sinay yarımadasına itələməsindən narahatdır. O, ölkənin İsraillə onilliklər davam edən sülh müqaviləsini dayandırmaqla hədələyib.

 

Amerikanın Səsi