Bakının Badamdar qəsəbəsindəki sürüşmə sahəsində gərginlik qalmaqdadır.
Noyabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb.
Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri ərazidə monitorinqi davam etdirirlər.
Torpaq sürüşməsi oktyabrın 12-dən, Badamdar qəsəbəsindən 20-ci sahəyə enən avtomobil yolunun sağ kənarından başlanıb.
Sürüşmə başladığı anlarda 5 il qabaq burada sürüşmə kütləsini saxlamaq üçün inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyərək avtomobil yoluna tökülüb.
Sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb.
Sürüşmə kütləsi üzərində asılı vəziyyətdə olan torpaq kütlələrində uçqunlar baş verib.
Sonra ərazinin üst hissəsindəki evlərin hasarlarının birində 2 metr enində, 1 metr hündürlüyündə uçqun töküntüsü qeydə alınıb.
Daha sonra üst hissədəki evlərin hasarlarının təxminən 30 metr hissəsi uçaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində 30 santimetr enində aralanma baş verib. Nəticədə dağılan hasarın qalan hissəsi də uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənib.
Ərazinin üst hissəsindəki evlərin divarlarında çatlar əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə ilə bağlı xüsusi qərargah yaradıb. Qərargah üzvləri ərazidə sutka boyu müşahidə aparırlar.
Sürüşmə zonasında gərginlik davam edir
Oxşar xəbərlər