“Suriya işi”: Özbəkistan vətəndaşı kimi saxlanıldı, Azərbaycan vətəndaşı çıxdı

Suriyada silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunan “Azəri camaatı”nın üzvü Akif Osmanov məhkəmə qarşısına çıxarılır.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib.

Bir müddət əvvəl o, Türkiyədə Özbəkistan vətəndaşı İlyorjon İsanov ad-soyadı ilə saxlanılıb. Ancaq təqsiri sübuta yetirilmədiyi üçün sərbəst buraxılıb. Həmin vaxt saxta pasportun üstü də açılmayıb.

Akif Osmanov Türkiyədə beynəlxalq terrorçuluqla mübarizə çərçivəsində keçirilən əməliyyat nəticəsində ikinci dəfə saxlanılanda hər şeyin üstü açılıb. İstintaq vaxtı müəyyən edilib ki, əslində bu şəxs saxta pasportla yaşayan və hər yerdə özünü saxta ad-soyadla təqdim edən Azərbaycan vətəndaşı Akif Osmanovdur. Bu dəfə saxlanılanda onun Suriyadakı “Azəri camaatı” adlı qanunsuz silahlı təşkilatın üzvü olduğu üzə çıxıb. Həmin silahlı birləşmələrin tərkibində Suriyanın Artma şəhərində xüsusi hazırlıq düşərgəsində hərbi təlimlər keçməsi sübuta yetirilib.

İttiham aktında o da qeyd olunub ki, Akif Osmanov Suriyadakı “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərdə qəlpə yarası alıb.

Akif Osmanovun saxta pasporta əl atması isə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət etməsinə görə olub. İstintaq iddia edir ki, onun Özbəkistan vətəndaşının adına əldə etdiyi saxta pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.

Bunlar ibtidai istintaqın qənaətidir. Yanvarın 19-da bu iş ürə hazırlıq iclası keçiriləcək.

Akif Osmanova Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə ittiham verilib.